Kuba Prezidenti Migel Dias-Kanel bildirib ki, ABŞ hökumətinin Kuba Kommunist Partiyasının keçmiş lideri Raul Kastroya qarşı ittiham irəli sürmək cəhdinin heç bir hüquqi əsası yoxdur.
Redaktor.az xəbər verir ki, o, 20 may tarixində X sosial şəbəkəsində bu barədə paylaşım edib.
Dias-Kanel yazıb: “Bu, heç bir hüquqi əsası olmayan və yalnız Kubaya qarşı ehtiyatsız təcavüzü haqlı çıxarmaq üçün hazırlanmış uydurma bir işi gücləndirməyə yönəlmiş siyasi aktdır”.
Onun sözlərinə görə, ABŞ 1996-cı ildə Kuba tərəfindən ABŞ-də kubalı mühacirlər tərəfindən yaradılmış humanitar təşkilata məxsus iki təyyarənin vurulması ilə bağlı faktları təhrif edir.
Kuba prezidenti əlavə edib: “Vaşinqton çox yaxşı bilir ki, Kuba o vaxt beynəlxalq hüququ pozmayıb; əksinə, Kuba qanuni özünümüdafiə məqsədilə hərəkət edib”.
Qeyd edək ki, mayın 20-də ABŞ Ədliyyə Nazirliyi Raul Kastro və daha beş nəfərə qarşı 1996-cı ildə “Hermanos en Rescate” humanitar təşkilatına məxsus iki Amerika təyyarəsinin vurulması ilə bağlı ABŞ vətəndaşlarının qətl və sui-qəsdi ittihamları irəli sürüldüyünü açıqlayıb.
Aminə ŞAHSUVARQIZI