AZ

Günün fotosu – “Al bu bayrağı, oğul, hakimiyyətini qoru, möhkəmləndir”

Aydın gözlə də görünür ki, bu şəkil İranda çəkilib və artıq ondan başqa bu mənzərəyə heç bir ölkədə rast gəlmək mümkün deyil.

Fevralın 28-də başlayan, aprelin 8-də bitən ABŞ/İsrail – İran müharibəsindən sonra Tehranın küçələri bu cür iri reklam pannoları ilə doludur.

O gün bu cür pannoların birində sifətinin fraqmenti görünən ABŞ prezidenti Donald Trampın ağzı Hörmüz boğazının xəritədəki təsviri ilə yumulmuşdu.

Başqa bu sayaq müharibə mövzulu təbliğat materialları da var. Biri də budur.

Avtomobillərin fonuna görünən nəhəng şəkildə islam inqilabının lideri ayətullah Ruhulla Xomeyni, ondan irəlidə fevralın 28-də şəhid edilmiş ali dini lider, ayətullah Əli Xamneyi, onun önündə isə yeni dini lider təyin olunmuş ayətullah Müctəba Xamneyi təsvir olunub.

Göründüyü kimi, Əli Xamneyi İran İslam Respublikasının bayrağını oğlu Müctəbaya ötürür və onun bu bayrağı Ruhulla Xomeynidən aldığına işarə var.

Bu, əlbəttə ki, illüstrasiyadır, kollajdır, təxəyyül məhsuludur, rəmzi məna daşıyır. “İran bayrağı etibarlı əllərdədir, düşmən niyyətinə çata bilməyib” deməkdir.

Bu şəkil iranlıların daima lənətlədiyi Müaviyə ibn Süfyanın ölüm ayağında oğlu Yezidi yanına çağırması hadisəsini yada salır.

Tarixi məxəzlərdə yazıldığına görə, Müaviyə ölümünün yetişdiyini hiss edərək ovda, əyləncədə olan oğlunu yanına çağırır, barmağındakı hakimiyyət rəmzi olan üzüyü çıxarıb ona verir və hakimiyyəti ona ötürdüyünü bəyan edir. Yezid üzüyü barmağına keçirərək deyir: “Ata, söz verirəm ki, islamın müqəddəs bayrağını həmişə yüksəklərə qaldıracağam”.

Müaviyə onun pafoslu çıxışını saxlayır və deyir: “Oğul, zamanında mən də bu sözləri çox demişəm. Sən hakimiyyətini qoru, möhkəmləndir”. Sonra o, konkret adları çəkir, imam Hüseynlə, Abdulla ibn əz-Zübeyrlə və Hicaz xalqı ilə necə davranmalı olduğunu söyləyir.

Sonrakı hadisələri bilirsiniz.

Söz yox ki, Xamneyi də son illərdə oğlu Müctəba ilə hakimiyyətinin gələcəyi mövzusunda söhbətlər edib, ona öz öyüd-nəsihətlərini verib. Onun İran bayrağını Müvtəbaya ötürməsi rəvan şəkildə, təntənəli mərasimdə baş tutmasa da, hər halda Xamneyinin silahdaşları savaşın qızğın çağında hakimiyyətin ötürülməsini təmin edə bildilər.

İndi bayraq Müctəba Xamneyinin əlindədir.

680-ci ildə hakimiyyətə gələn Yezid atasının nəsihətlərinə əməl etməmiş, qətliamlara yol vermiş, hakimiyyətini qanla möhkəmlətməyə çalışmış, 3 ilin içində tam iflasa uğramışdı. O, hakimiyyətini oğlu II Müaviyəyə versə də, o da 2 ilin içində hökmranlığını itirmişdi.

Görək, II Xamneyi təhvil aldığı bayrağı haraya qədər və necə daşıyacaq. Onun da düşmənləri çoxdur.

Musavat.com

Seçilən
2
10
musavat.com

10Mənbələr