ABŞ-də “Tesla Cybertruck” elektromobili ilə Qreypvayn gölünə daxil olan sürücü həbs olunub.
“Qafqazinfo” “Electrek” nəşrinə istinadən xəbər verir ki, hadisə Texas ştatında baş verib.
Belə ki, yeni aldığı elektromobilin amfibiya rejimini (“Wade Mode”) sınaqdan keçirmək istəyən sürücü onu gölün içinə sürüb. Dayaz suda bir qədər hərəkət edən avtomobil dərinliyə doğru irəlilədikcə sönüb və batmağa başlayıb. Sürücü və sərnişinlər avtomobili dərhal tərk ediblər. Qreypvayn yanğınsöndürmə xidmətinin su xilasetmə komandası elektromobili sudan çıxarmaq üçün bir neçə saat çalışmalı olub.
“Tesla Cybertruck”ın sahibi isə gölün qapalı ərazisində nəqliyyat vasitəsi idarə etdiyinə və su təhlükəsizliyi qaydalarını pozduğuna görə həbs edilib.
“Nəqliyyat vasitəsi fiziki olaraq dayaz suya daxil olmağa qadir olsa belə, bu, Texas qanunvericiliyinə əsasən hüquqi problemlər və təhlükəsizlik problemləri yarada bilər”, - polisin açıqlamasında deyilir.
Qeyd edək ki, “Wade Mode” rejimi dayaz su hövzələrindən qısamüddətli keçmə üçün nəzərdə tutulub. Bu rejim aktivləşdirildikdə avtomobilin akkumulyatoruna suyun düşməməsi üçün əlavə təhlükəsizlik tədbirləri işə düşməlidir. “Tesla”nın rəhbəri İlon Mask isə “Cybertruck”ın müəyyən müddət qayıq funksiyasını yerinə yetirə biləcəyini iddia etmişdi. Şirkətin açıqlamasında “Wade Mode” rejiminin nəqliyyat vasitəsinin yüksəlməsini təmin edərək təxminən 800 millimetr dərinliyə qədər suda hərəkət edə bilməsinə imkan yaratdığı bildirilir.
"Cebheinfo.az"