AZ

Türkiyənin Azərbaycanla şəhərsalma qardaşlığı

Ümumdünya Şəhərsalma Forumunun qonaqlarından biri – qardaş Türkiyənin Ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi üzrə nazir müavini Hasan Suverlə söhbətimiz təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması, həm də “yaşıl enerji” və müasir şəhərsalma istiqamətində həyata keçirilən strateji layihələr barədə oldu. Xüsusilə 2023-cü ilin fevralında baş vermiş dəhşətli Kahramanmaraş zəlzələsindən sonra qardaş ölkənin həyata keçirdiyi genişmiqyaslı bərpa layihələri beynəlxalq səviyyədə maraq doğurur.

– Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi sahəsində qarşıya qoyduğu prioritetlər hansılardır?

– İlk növbədə, ən böyük hədəfimiz zəlzələ bölgələrinin yenidən ayağa qaldırılması idi. Bildiyiniz kimi, üç il əvvəl Türkiyə tarixinin ən ağır təbii fəlakətlərindən biri ilə üz-üzə qaldı. Minlərlə bina dağıldı, şəhərlər böyük zərər gördü. Dövlət olaraq bu prosesə böyük iradə və qətiyyətlə yanaşdıq. Prezident Rəcəb Tayyib Ərdoğanın güclü siyasi iradəsi və liderliyi sayəsində zəlzələdən zərər görmüş şəhərlərimizin yenidən qurulması istiqamətində çox mühüm addımlar atıldı.

Bu günə qədər 455 min 500 mənzil və yaşayış sahəsi vətəndaşlarımıza təhvil verilib. Bu, sadəcə, tikinti layihəsi deyil, həm də insanların həyatının, ümidlərinin və gələcəyinin yenidən bərpasıdır. Biz yalnız dağılan binaları yenidən tikməklə kifayətlənmədik. Məqsədimiz yeni nəsil şəhərsalma prinsiplərinə uyğun, daha dayanıqlı, təhlükəsiz və müasir yaşayış məkanları formalaşdırmaqdır. Çünki XXI əsrin Türkiyəsində insanlar yüksək rifah səviyyəsinə malik, təhlükəsiz və komfortlu evlərdə yaşamalıdırlar.

İkinci əsas prioritetimiz isə zəlzələ riski yüksək olan bölgələrdə urbanizasiya və kentsel dönüşüm proseslərini sürətləndirməkdir. Bu istiqamətdə “Yarısı bizdən, yarısı sizdən” kampaniyasını həyata keçirmişik. Layihənin əsas məqsədi vətəndaşlarımızın riskli tikililərdən daha təhlükəsiz mənzillərə keçidini asanlaşdırmaqdır. Dövlət vətəndaşın maliyyə yükünü bölüşür, uzunmüddətli – təxminən, 20 illik ödəmə imkanları təqdim edir.

Hazırda proqram uğurla davam edir və cəmiyyət tərəfindən böyük maraqla qarşılanır. Bununla yanaşı, şəhərlərin ekoloji balansını qorumaq, yaşıl zonaları genişləndirmək, enerjiyə qənaət edən binaların sayını artırmaq və iqlim dəyişikliklərinə uyğunlaşmanı sürətləndirmək də fəaliyyətimizin əsas istiqamətlərindəndir.

– Türkiyə və Azərbaycan arasında şəhərsalma, ətraf mühit və iqlim sahəsində yeni ortaq layihələrin həyata keçirilməsi nəzərdə tutulurmu? Xüsusilə COP31 prosesi baxımından bunu necə qiymətləndirirsiniz?

– Azərbaycan ilə Türkiyə arasında münasibətlər təkcə siyasi və iqtisadi müstəvidə deyil, eyni zamanda, şəhərsalma, enerji, ekologiya və iqlim diplomatiyası sahəsində də strateji xarakter daşıyır. Hörmətli nazirimiz Murat Kurum bu istiqamətdə Bakıda mühüm təmaslar həyata keçirib. Azərbaycanın aidiyyəti qurumları ilə ətraf mühitin mühafizəsi, “yaşıl enerji”, dayanıqlı şəhərsalma və ekoloji idarəetmə sahələrində bir sıra mühüm razılaşmalar əldə olunub.

“Bir millət, iki dövlət” prinsipi çərçivəsində Azərbaycanla əməkdaşlığımız ildən-ilə daha da genişlənir. Uzun illərdir ki, biz qarşılıqlı təcrübə mübadiləsi aparır, texniki əməkdaşlıq layihələri reallaşdırır və ortaq proqramlar həyata keçiririk. Bu əməkdaşlıq təkcə dövlət qurumları arasında deyil, həm də elmi institutlar, bələdiyyələr və ekspert platformaları səviyyəsində inkişaf edir.

Azərbaycanın COP29-a ev sahibliyi etməsi bütün region üçün mühüm hadisə oldu. Bu proses Azərbaycanın beynəlxalq iqlim diplomatiyasında artan rolunu bir daha nümayiş etdirdi. Biz də qardaş Azərbaycanın bu sahədə qazandığı təcrübədən faydalanırıq. İnanırıq ki, gələcəkdə keçiriləcək COP31 prosesi də regional əməkdaşlığın daha da dərinləşməsinə töhfə verəcək. Xüsusilə Antalya şəhərinin beynəlxalq tədbirlər və yaşıl transformasiya baxımından böyük potensiala malik olduğunu düşünürük. Bu istiqamətdə Azərbaycan ilə əməkdaşlığımızın daha da güclənəcəyinə əminəm.

– Yaşıl transformasiya prosesində Türkiyənin qarşılaşdığı ən böyük çətinliklər hansılardır?

– Məlum olduğu kimi, Türkiyə enerji resursları baxımından xaricdən asılı ölkələrdən biridir. Biz hər il təxminən, 60 milyard dollara yaxın vəsaiti enerji idxalına xərcləyirik. Təbii ki, bu vəziyyət ölkə iqtisadiyyatı üçün ciddi yük yaradır. Lakin eyni zamanda bizi yeni həll yolları axtarmağa və daha innovativ siyasət həyata keçirməyə sövq edir. Artıq yeni dövrdə istehsal və inkişaf modelimizi təmiz enerji mənbələri üzərində qurmağa başlamışıq. Xüsusilə külək, günəş və hidroenerji sahələrinə böyük investisiyalar yatırılır. Son illərdə bu istiqamətdə çox mühüm irəliləyiş əldə etmişik.

Hazırda Türkiyədə istehsal olunan elektrik enerjisinin təxminən, 60 faizi təmiz enerji mənbələri hesabınadır. Qarşıdakı 10 il ərzində isə bu potensialı dörd dəfə artırmağı hədəfləyirik. Bu, həm enerji təhlükəsizliyi, həm də iqlim dəyişiklikləri ilə mübarizə baxımından strateji əhəmiyyət daşıyır.

Bu gün Türkiyə Avropada təmiz enerji istehsalına görə dördüncü, dünyada isə on ikinci sırada qərarlaşıb. Bu göstəricilər bizim doğru istiqamətdə irəlilədiyimizi göstərir.

Yaşıl transformasiya bizim üçün yalnız ekoloji məsələ deyil, həm də milli təhlükəsizlik, iqtisadi müstəqillik və gələcək nəsillərə daha sağlam dünya ötürmək məsələsidir. Bu səbəbdən “yaşıl enerji” keçidini böyük həvəs, qətiyyət və dövlət iradəsi ilə davam etdiririk.

Söhbəti qələmə aldı:
Yusif ŞƏRİFZADƏ
XQ

Seçilən
30
xalqqazeti.az

1Mənbələr