AZ

Qlobal Cənub Gənclər Platformasının coğrafiyası genişləndirilir

Bakıda Platformanın ilk beynəlxalq tədbiri keçirilib

Bakıda keçirilən Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Dekolonizasiya prosesində gənclərin şəhərsalmada rolu” mövzusunda beynəlxalq konfrans keçirilib. Tədbir Qlobal Cənub Gənclər Platformasının ilk beynəlxalq tədbiri kimi yadda qalıb. Konfransda BMT-nin Gənclər Ofisi də ilk dəfə nümayəndə heyəti ilə təmsil olunub. Tədbirdə indiki və keçmiş müstəmləkə ölkələrini təmsil edən 22 dövlətdən gənc tədqiqatçılar, hüquqşünaslar, səhiyyə və siyasət sahəsi üzrə mütəxəssislər, beynəlxalq təşkilat nümayəndələri, gənclər təşkilatlarının rəhbərləri və universitet tələbələri iştirak ediblər.

Konfrans çərçivəsində kolonializm və neokolonializmin davam edən təsirlərinə qarşı daha güclü və koordinasiyalı mübarizə mexanizmlərinin yaradılması, Qlobal Cənub Gənclər Platformasının şəbəkələşdirilməsi və beynəlxalq həmrəyliyin real təşəbbüslərə çevrilməsi məsələləri müzakirə olunub. Həmçinin, gənclərin daha effektiv təşkilatlanması, azlıqların üzləşdiyi sistemli ayrı-seçkilik və hüquq pozuntularının beynəlxalq gündəmdə daha çox diqqətə çatdırılması, eləcə də bu problemlərə qarşı nəticəyönümlü beynəlxalq təşəbbüslərin irəli sürülməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Tədbirdə çıxış edən Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov bildirib ki, tədbirdə qəbul olunan qərarlar sırasına Qlobal Cənub Gənclər Platformasına yeni üzvlərin qəbulu, gələcəkdə hansı beynəlxalq təşkilatlarla sıx tərəfdaşlıq əlaqələrinin qurulacağı, eləcə də növbəti tədbirlərin hansı ölkələrdə və hansı qlobal platformalar çərçivəsində keçiriləcəyi kimi mühüm məsələlər daxildir. “Bu gün platformanın coğrafiyasının genişlənməsi və bura müxtəlif ölkələrdən yeni üzvlərin qoşulması gözlənilir. İclasda müstəqil dövlətlərdən Misirin, eləcə də Niderland Krallığının dənizaşırı ərazisi olan Sint-Marten adasının və digər xarici regionların nümayəndələrinin iştirakı planlaşdırılır. Biz qlobal urbanizasiya, şəhərsalma və dayanıqlı inkişaf siyasətinin formalaşdırılması istiqamətində müzakirələrimizi aktiv şəkildə davam etdiririk”,- deyə A. Abbasov vurğulayıb.

Beynəlxalq münasibətlər üzrə müstəqil ekspert Moussa Abderahman isə deyib ki, Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində dayanıqlı və inklüziv urbanizasiya məsələlərinin müzakirəsi, xüsusilə əhəmiyyətlidir: “Hesab edirəm ki, bu platformadakı müzakirələr yalnız konfrans salonları ilə məhdudlaşmamalı, real və konkret regional fəaliyyətlərə çevrilməlidir”. O bildirib ki, gənclər təhsil, innovasiya və sahibkarlıq vasitəsilə qlobal şəhərsalma proseslərində mühüm rol oynaya bilərlər: “Hazırda bir çox gəncin iqlimə uyğun, daha ucuz və əlçatan yaşayış modelləri üzərində çalışdığını müşahidə edirəm”.

“Global Family Media” şirkətinin əməliyyatlar üzrə direktoru, “Rwanda Gender Media Council”un idarə heyətinin üzvü Umuhoza Natete Verite çıxışında qeyd edib ki, şəhərsalmanın dekolonizasiyası anlayışı çox vacibdir. Bu şəhərləri yerli reallıqlar, yerli texnologiyalar və yerli arzular əsasında yenidən təsəvvür etmək deməkdir. Şəhərsalmanın dekolonizasiyası inklüziv, dayanıqlı, mədəni köklərə bağlı və insan ləyaqətini mərkəzə qoyan şəhər mühitlərinin yaradılmasını nəzərdə tutur. Bu transformasiyada gənclərin rolu son dərəcə vacibdir. Onun sözlərinə görə, gələcəyin şəhərləri yalnız “ağıllı” və müasir olmamalıdır, eyni zamanda, inklüziv olmalı, insanmərkəzli inkişaf etməlidir. Həmçinin onları formalaşdıran mədəniyyətlərə dərin şəkildə bağlı qalmalıdır. Elə şəhərlər yaradaq ki, onlar sadəcə ölçü baxımından böyüməsin, həm də ədalət, dayanıqlılıq və insanlıq baxımından inkişaf etsin. “Dekolonizasiya şəhərlərin necə dizayn edildiyini və necə idarə olunduğunu yenidən düşünmək deməkdir. Postkolonial cəmiyyətlərdə bir çox şəhər sistemi kolonial strukturlardan miras qalıb və çox vaxt ayrı-seçkiliyi prioritetləşdirib. Şəhərsalmanın dekolonizasiyası isə şəhərlərin yerli mədəniyyəti, icma ehtiyaclarını və sosial ədaləti əks etdirməsini təmin etməkdir”,- deyə Umuhoza Natete Verite vurğulayıb.

“Qlobal Cənubdan olan gənclər kimi biz tarixən yaşanmış ədalətsizliklərin yaddaşını və daha ədalətli gələcək vizyonunu daşıyırıq. Biz işsizlik, məcburi köç, bərabərsizlik və iqlim risklərinin reallıqlarını yaxşı anlayırıq. Amma, eyni zamanda, yaradıcılıq, dayanıqlılıq, innovasiya və ümid də daşıyırıq”. Bu fikirləri isə Qlobal Cənub Gənclər Platformasının Keniyadan olan üzvü Brayan Nqiqi Mutoni söyləyib. O bildirib ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası kimi platformalar və digər təşəbbüslər müxtəlif gənc səslərin bir araya gəlməsi, təcrübə mübadiləsi aparması və qlobal şəhər siyasətinə töhfə verməsi üçün vacib imkanlar yaradır.

Çıxış edən siyasi elmlər üzrə tədqiqatçı Mpiqa İvala Angelika Dezire qeyd edib ki, şəhərlərimizi dayanıqlı, davamlı və xüsusilə inklüziv etmək üçün qarşılaşdığımız çətinliklər mövcuddur. 2050-ci ildə dünya əhalisi 9,8 milyarda çatacaq. Bunun 90 faizi Qlobal Cənubdan olacaq və həmin il əhalinin 68 faizi şəhərlərdə yaşayacaq. Birləşmiş Millətlər Təşkilatının proqnozları bunu açıq şəkildə göstərir. Onun sözlərinə görə, Afrikada urbanizasiya prosesi çox sürətlə gedir və bunun əsas səbəblərindən biri kənddən şəhərə köçdür. Qlobal Cənub ölkələrində urbanizasiyanın dekolonizasiyası üçün, ilk növbədə, torpaq hüquqlarının tanınması və geniş şəkildə sənədləşdirilməsi vacibdir.

Tədbirdə çıxış edən digər natiqlər gənclərin qlobal urbanizasiya proseslərində, sosial ədalətin təmin olunmasında və inklüziv şəhərsalma modelinin formalaşmasında mühüm rol oynadığını vurğulayıblar. Bildirilib ki, Qlobal Cənub Gənclər Platforması beynəlxalq əməkdaşlığın genişləndirilməsi və ortaq təşəbbüslərin gücləndirilməsi üçün yeni imkanlar yaradır.

Nardar BAYRAMLI

Seçilən
0
yeniazerbaycan.com

1Mənbələr