AZ

Braziliyada “foie gras” qadağası: Fransa ticarət müqaviləsinin pozulduğunu iddia edir

Paris, 21 may, AZƏRTAC

Braziliyada parlament üzvləri heyvan rifahının qorunması məqsədilə “foie gras” (qaz və ya ördəyin yağlı qaraciyərindən hazırlanır) istehsalı və satışının qadağan edilməsini nəzərdə tutan qanun layihəsini təsdiqləyiblər. Qanun may ayının əvvəlindən qüvvəyə minib.

AZƏRTAC xəbər verir ki, dünyanın ən böyük “foie gras” istehsalçısı olan Fransa üçün bu qərar Braziliyaya ixracın dayandırılması deməkdir. Fransalı istehsalçılar isə bu addımı Avropa İttifaqı ilə “Mercosur” ölkələri arasında imzalanmış azad ticarət sazişinə zidd hesab edirlər. Cənub-Qərb bölgəsinin ördəyinə aid “foie gras” qorunan coğrafi göstərici (IGP) “Mercosur” müqaviləsi çərçivəsində tanınan təxminən 60 fransız məhsulundan biridir. Məhz buna görə “foie gras” sənayesini təmsil edən CIFOG təşkilatının direktoru Mari-Pyer Pe Braziliyanın bu qərarını başa düşmədiyini bildirib. “Biz hesab edirik ki, bu qanun layihəsi “Mercosur” sazişini tamamilə təhlükə altına qoyur”, – deyə o vurğulayıb. Mari-Pyer Pe bildirib ki, Fransa tərəfi ticarətə maneələrin yaradılmasına qarşıdır və Braziliya Prezidenti Luiz İnasio Lula da Silvadan qanunun qismən yenidən nəzərdən keçirilməsini istəyir. “Biz Prezident Luladan xahiş edirik ki, qismən müraciəti qəbul etsin. Yəni qadağa yalnız Braziliya ərazisində istehsala tətbiq olunsun”, – deyə CIFOG rəhbəri qeyd edib. Onun sözlərinə görə, Fransa “foie gras” sektoru hazırda Braziliya bazarında inkişaf mərhələsindədir və “Mercosur”un ən böyük ölkəsi hər il daha çox fransız “foie gras” məhsulu idxal edir.

Mari-Pyer Penin sözlərinə görə, əsas müştərilər Braziliyanın böyük şəhərlərində fəaliyyət göstərən restoranlar və lüks qida idxalçılarıdır. “Bu ticarət axınının həcmi təxminən bir milyon avro təşkil edir və bu, bizim üçün əhəmiyyətlidir”, – deyə o bildirib.

“Foie gras” sektoru Fransada təxminən 30 min ailənin dolanışığını təmin edir. Fransız istehsalçılar Avropa Komissiyasını da məsələyə müdaxilə etməyə çağırıblar. Onların fikrincə, Brüssel “Mercosur” razılaşmasının şərtlərinin qorunmasına nəzarət etməlidir. Qeyd olunur ki, Avropa Komissiyası indiyədək Fransa daxilindəki etirazlara baxmayaraq, “Mercosur” sazişinin iqtisadi üstünlüklərini müdafiə edib.

Seçilən
19
azertag.az

1Mənbələr