AZ

WP: Çin Rusiyanı xilas etməyə tələsmir - Si Putinə istədiyini vermədi

Rusiya diktatoru Vladimir Putinin Pekinə səfəri zamanı Moskva "Sibir gücü-2" qaz kəmərinin tikintisinə dair Çinin yekun razılığını ala bilməyib. Kreml bu layihəni Avropa bazarını itirdikdən sonra əsas enerji çıxış yolu kimi görür...

Poliqon xəbər verir ki, bu barədə The Washington Post yazır.

Layihə Rusiyadan Çinə ildə 50 milyard kubmetrədək qaz nəqlini nəzərdə tutur. Lakin illərdir aparılan danışıqlara baxmayaraq, Pekin hələ də yekun müqaviləni imzalamağa tələsmir.

Nəşr qeyd edir ki, bu vəziyyət Rusiya-Çin tərəfdaşlığının məhdudiyyətlərini bir daha üzə çıxarıb. Ukraynaya qarşı genişmiqyaslı işğaldan sonra Rusiya həm enerji satışında, həm də sənaye üçün texnologiya və komponentlərdə Çindən daha asılı vəziyyətə düşüb.

Bununla belə, Pekin ehtiyatlı davranaraq zəifləmiş Moskvanın vəziyyətindən maksimum fayda götürməyə çalışır.

Kreml sözçüsü Dmitri Peskov görüşdən sonra bildirib ki, layihə üzrə "əsas parametrlər" barədə ümumi razılaşma var, lakin konkret tarixlər hələ müəyyən edilməyib.

Görüş zamanı Si Szinpin və Putin ABŞ-ın son addımları fonunda birliyə vurğu etməyə çalışıblar. Birgə bəyanatda Moskva və Pekin "birtərəflilik və hegemonluq"u tənqid edib və digər dövlətlərə qarşı zərbələri pisləyib.

Si Szinpin dünyada “birtərəflilik və hegemonizm”in təhlükə yaratdığını bildirib və Yaxın Şərqdə münaqişələrin dayandırılmasının enerji və ticarət sabitliyi üçün vacib olduğunu deyib.

Eyni zamanda Çin Rusiya mövqeyinə diplomatik dəstəyini davam etdirərək münaqişənin “kök səbəblərinin aradan qaldırılması” tezisini dəstəkləyib. Bu formul Kremlin Ukraynaya qarşı işğalını əsaslandırmaq üçün istifadə etdiyi yanaşmadır.

The Washington Post-un yazdığına görə, bu ifadə Pekinin Moskvanın əsas siyasi tezislərinə diplomatik dəstək verdiyini göstərir.

Bununla belə, iki ölkə arasında gizli gərginlik qalır. Məlumatlara görə, Rusiya xüsusi xidmət orqanları Çin casusluğu ilə bağlı ən azı bir hadisəni araşdırır.

Eyni zamanda Moskva narahatdır ki, Çin həm Rusiya, həm də Ukrayna tərəfinə komponentlər ötürür. Çin istehsalı hissələr Ukrayna dronlarının istehsalında da istifadə olunur.

Beləliklə, Pekin balanslı siyasətini davam etdirir: Rusiyanı tam dəstəkləmir, amma əlaqələri də kəsmir.

Kremlin açıqlamasına görə, tərəflər "Sibir gücü-2" layihəsinin əsas parametrləri üzrə razılaşıb, lakin tikinti qrafiki və detalları hələ də müzakirə olunur.

Putin Çinə çatanda onu hava limanında fəxri qarovul və xüsusi təşkil olunmuş nümayişçi qrup qarşılayıb. Onlar Rusiya və Çin bayraqları ilə şüarlar səsləndiriblər.

Poliqon.info

Seçilən
37
poliqon.info

1Mənbələr