Bildiyimiz kimi mayın 26-dan Bakı-Tbilisi-Bakı istiqamətində dəmiryolu marşrutu istifadəyə verilir.
Redaktor.az-a danışan Gürcüstan Parlamentinin sabiq deputatı Ramiz Bəkirov bildirdi ki, Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə əldə etdiyi anlaşma Gürcüstanda yaşayan azərbaycanlılar tərəfindən böyük məmnunluq və sevinc hissi ilə qarşılandı:
"Çünki Azərbaycan və Gürcüstan xalqlarını tarixən bir-birinə bağlayan çox güclü dostluq, qardaşlıq və mənəvi əlaqələr mövcuddur. Bu münasibətlər illərdir ki, müxtəlif sahələrdə özünü göstərir və xalqlarımız arasında səmimi münasibətlərin formalaşmasına səbəb olub. Müəyyən səbəblərdən uzun müddət bağlı qalan dəmir yolu əlaqəsinin yenidən bərpa olunması isə xüsusilə Gürcüstanda yaşayan soydaşlarımız üçün çox mühüm hadisədir. Çünki bu yol təkcə nəqliyyat vasitəsi deyil, həm də insanları bir-birinə bağlayan mənəvi körpü olacaq. Uzun illər ərzində yolların bağlı olması bir çox ailələrin gediş-gəlişində çətinliklər yaradırdı. Hava nəqliyyatından istifadə etmək isə hər kəs üçün əlçatan deyildi. İndi isə qatar reyslərinin bərpası insanların rahat və münasib şəkildə Azərbaycana gedib-gəlməsinə imkan yaradacaq. Bu addım həm ailə bağlarının möhkəmlənməsinə, həm də iqtisadi, mədəni və humanitar əlaqələrin daha da genişlənməsinə ciddi töhfə verəcək".
Müsahibimiz bir azərbaycanlı olaraq, Gürcüstanda yaşayan soydaşlarımız adından Azərbaycan dövlətinə və Prezident İlham Əliyevə dərin təşəkkür və minnətdarlıqlarını bildirdi:
"Bu qərar bütün Gürcüstan azərbaycanlılarının ürəyincə olan bir addımdır. İnanırıq ki, yaxın gələcəkdə quru sərhədlər də açılacaq və bu, xalqlarımız arasında münasibətlərin daha da inkişafına xidmət edəcək. Əminəm ki, bu mühüm addım Azərbaycan və Gürcüstan arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə, iqtisadi əlaqələrin genişlənməsinə və qarşılıqlı əməkdaşlığın yeni mərhələyə qədəm qoymasına səbəb olacaq".
Soydaşımız bu xəbəri böyük sevinc hissi ilə qarşıladığını qeyd etdi:
“Əlbəttə ki, bu qərar məni çox sevindirdi. Mən mütləq, qatarla Azərbaycana gələcəyəm. Çünki Azərbaycanda mənim doğmalarım, əzizlərim yaşayır. Mən orada təhsil almışam, həyatımın bir hissəsi həmin yerlərlə bağlıdır. Mənim Azərbaycanla çox dərin bağlarım var. Buna görə də qatar reyslərinin bərpası mənim üçün önəmlidir. Məmnuniyyətlə bu qatardan istifadə edib yaxın vaxtlarda Azərbaycana gəlməyi düşünürəm. İnşallah, bu gediş-gəliş daha da asanlaşacaq və insanlar bir-birinə daha sıx bağlanacaq".
Xədicə BAXIŞLI