Bu gün ölkəmizdə səfərdə olan Esvati Kralı Əlahəzrət III Msvatini ilə “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov arasında görüş keçirilib.
"Cebheinfo.az" xəbər verir ki, görüş çərçivəsində Azərbaycan ilə Esvatini Krallığı arasında münasibətlərin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Xüsusilə dağ-mədən sənayesində əməkdaşlıq imkanları, geoloji kəşfiyyat və qiymətləndirmə sahəsində qabaqcıl təcrübənin tətbiqi, həmçinin potensial birgə layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunub.
Nümayəndə heyətləri mineral ehtiyatların kəşfiyyatı, mədənlərin işlənməsi və emal zənciri üzrə əlavə dəyərin yaradılması, eləcə də mineral ehtiyatların xəritələşdirilməsi istiqamətində əməkdaşlıq imkanlarını nəzərdən keçiriblər. Görüşdə dağ-mədən sahəsi üzrə əlaqələrin genişləndirilməsi və təcrübə mübadiləsinin gücləndirilməsinin hər iki ölkə üçün faydalı olacağı qeyd edilib.
Azərbaycan və Esvatini krallığı arasında dağ-mədən sənayesinin inkişafını təşviq edəcək əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Sənəd Azərbaycan tərəfindən “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İdarə Heyətinin sədri Zakir İbrahimov və Esvatini Krallığının təmsilçisi qismində Təbii sərvətlər və Energetika naziri, şahzadə, Zati-aliləri Lonkhokhela tərəfindən imzalanıb.
İkitərəfli əməkdaşlığa dair sənəd dağ-mədən sənayesinin inkişafı, geoloji kəşfiyyat, texniki əməkdaşlıq və investisiya imkanları kimi istiqamətləri əhatə edir və iki tərəf üçün də yeni imkanlar yaradır. Memoranduma əsasən, “AzerGold” QSC və Esvatini Krallığının Təbii Sərvətlər və Energetika Nazirliyi geoloji, kommersiya və normativ məlumatların mübadiləsi, geoloji kəşfiyyat işləri, laboratoriya sınaqları, mineral resursların qiymətləndirilməsi, eləcə də texniki-iqtisadi əsaslandırma tədqiqatlarının həyata keçirilməsi sahələrində əməkdaşlıq edəcəklər.
Bununla yanaşı, memorandum çərçivəsində tərəflər mümkün birgə layihələrin, investisiya modellərinin və xidmət müqavilələrinin nəzərdən keçirilməsi istiqamətində fəaliyyət göstərəcəklər. Sənədə uyğun olaraq birgə işçi qruplarının yaradılması, qarşılıqlı sahə səfərlərinin təşkili, məlumat və təcrübə mübadiləsinin aparılması, yeni biznes əlaqələrinin qurulması imkanlarının araşdırılması, eləcə də konfrans, seminar və digər birgə tədbirlərin təşkili nəzərdə tutulur.
İmzalanan memorandum iki ölkə arasında əməkdaşlığın dərinləşdirilməsinə və dağ-mədən sektorunda uzunmüddətli tərəfdaşlığın inkişafına xidmət edəcək.
"Cebheinfo.az"