AZ

Azərbaycanın çoxtərəfli diplomatiya sahəsində artan rolu- ÖZƏL

"Prezident cənab İlham Əliyevin BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılış mərasimində səsləndirdiyi fikirlər bir daha göstərdi ki, Azərbaycan şəhərsalma məsələsinə yalnız infrastruktur və tikinti prizmasından deyil, iqtisadi inkişaf, ekoloji təhlükəsizlik, sosial rifah və strateji dövlət idarəçiliyi kontekstində yanaşır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Tahir Mirkişili deyib: "Son 20 ildə Bakıda yaradılmış 100 park və ictimai məkan, yenilənmiş bağlar, metro şəbəkəsinin genişləndirilməsi, elektrik avtobusları və mikromobillik həlləri paytaxtın ekoloji şəhər modelinə keçidinin göstəriciləridir. Bu yanaşma iqtisadi baxımdan da mühüm əhəmiyyət daşıyır. Çünki müasir dövrdə investisiyalar daha çox dayanıqlı və ekoloji təhlükəsiz şəhərlərə yönəlir. Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi layihələr ölkənin beynəlxalq investisiya cəlbediciliyini artırır.

Bakıda keçirilən forum Azərbaycanın çoxtərəfli diplomatiya sahəsində artan rolunu bir daha təsdiqlədi. WUF13 vasitəsilə Azərbaycan yalnız ev sahibi ölkə kimi deyil, həm də qlobal urbanizasiya və dayanıqlı inkişaf proseslərinin fəal iştirakçısı kimi çıxış edir. Bu forum ölkəyə yeni investisiya imkanları, beynəlxalq əməkdaşlıq platformaları və iqtisadi tərəfdaşlıqlar baxımından da mühüm perspektivlər açır. Şəhərsalma, nəqliyyat, enerji, yaşıl texnologiyalar və rəqəmsal idarəetmə sahələrində beynəlxalq təcrübənin öyrənilməsi Azərbaycanın gələcək inkişaf strategiyası üçün əlavə imkanlar yaradır. Prezident cənab İlham Əliyevin Bakı Formula-1 yarışını şəhərsalma siyasəti ilə müqayisə etməsi də mühüm siyasi mesaj idi. Dövlət başçısı inkişafın cəsarətli, lakin tarixi irsin qorunması məsələsində son dərəcə ehtiyatlı aparılmalı olduğunu vurğuladı. Bu yanaşma Azərbaycanın urbanizasiya siyasətində balanslı inkişaf modelini seçdiyini göstərir. WUF13 Azərbaycanın həm siyasi nüfuzunu, həm iqtisadi potensialını, həm də müasir şəhərsalma konsepsiyasını dünyaya təqdim edən mühüm beynəlxalq platforma kimi ölkənin strateji mövqelərinin daha da güclənməsinə xidmət edir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
24
olaylar.az

1Mənbələr