AZ

Srinivas Sampath: Tərəfdaş ölkələrlə birlikdə icarə mənzilini yeni bir aktiv sinfi kimi inkişaf etdirmək üzərində işləyirik

BAKI, 21 may. TELEQRAF

Biz indi bir neçə ölkə ilə birlikdə çalışırıq ki, dövlət maliyyəsinin əsas infrastrukturun bir hissəsini qarşılaması üçün mexanizmlər yaradaq və beləliklə layihələrin riskini azaldaq.

Teleqraf xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankının Şəhərsalma Sektoru Ofisinin Direktoru Srinivas Sampath WUF13 çərçivəsində keçirilən “Mənzil Maliyyələşdirməsi üçün Yeni Razılaşma” adlı tədbirdə çıxışında deyib.

“Bir az əvvəl 100 min dollarlıq mənzillərdən danışdıq. Çox güman ki, Hindistanda da, Filippində də, İndoneziyada da, Vyetnamda da oxşar rəqəmlərlə rastlaşırıq. Məsələ hər yerdə eynidir.

Burada diqqəti bir qədər də şəhərlərin ən aşağı gəlirli təbəqəsinə yönəltmək istəyirəm – miqrant işçilərə, qeyri-formal yaşayış məntəqələrində yaşayan insanlara, bank sistemindən tam kənarda qalanlara.

Hazırda bizim əsas baxdığımız məsələ budur: icarə mənzillərini böyük miqyasda tətbiq edə bilərikmi? Bunun iki əsas səbəbi var.

Birincisi, əgər mən başqa bir şəhərdən gəlmiş bir şəhər sakiniyəmsə, çox güman ki, dərhal mənzil almaq istəməyəcəyəm. Mən ailəmin və uşaqlarımın rahat yaşaya biləcəyi, keyfiyyətli və əlçatan kirayə mənzil istəyərəm ki, eyni zamanda öz işimi də inkişaf etdirə bilim.

İkincisi, bizim danışdığımız digər səbəb budur ki, mənim ipoteka almaq imkanım ümumiyyətlə olmaya bilər. Məsələn, hətta kreditin dəyərinin yalnız 10 faizi qədər ilkin ödəniş tələb olunsa belə, bir miqrant işçi kimi mənim o qədər vəsaitim olmaya bilər.

Buna görə də biz bir neçə tərəfdaş ölkə ilə birlikdə icarə mənzilini yeni bir aktiv sinfi (asset class) kimi inkişaf etdirmək üzərində işləyirik. Bu istiqamət artıq ciddi şəkildə böyüyür.

Bu tədbirdə və digər müzakirələrdə söhbət əsasən əlçatan mənzilin maliyyələşdirilməsindən gedir. Amma məncə, bizim düşünməli olduğumuz əsas sual budur: şəhərlərdə və kənd yerlərində əlçatan mənzilə çıxışı necə artıraq ki, daha ədalətli həll əldə edək? Yəni məsələ təkcə maliyyəyə baxmaq deyil, həllin necə təqdim olunmasına baxmaqdır”.

Seçilən
36
teleqraf.com

1Mənbələr