İqlim dəyişikliyi nəticəsində təmiz su qaynaqları ciddi təhdidlərlə üzləşib və bu, hazırda dünyanın əsas çağırışlarından birinə çevrilib.
APA xəbər verir ki, bunu Türkiyə Dünyası Memarlar və Mühəndislər Birliyinin Baş katibi İlyas Demirci WUF13 çərçivəsində təşkil edilən "Azərbaycanın ilk milli davamlılıq standartının hazırlanması: Davamlı Təcrübələr Standartı (SPS)" tədbirində çıxışı zamanı deyib.
O bildirib ki, qlobal iqlim dəyişikliklərinin təsiri artıq dünyanın hər yerində hiss olunur: “Meşə yanğınları, daşqınlar, quraqlıqlar, eroziya və ekoloji fəlakətlər bütün bəşəriyyətin ortaq məsuliyyətinə çevrilib. Şəhərlərimizi, təbii sərvətlərimizi və yaşayış məkanlarımızı qorumaq üçün daha güclü qərarlar qəbul etməliyik”.
İlyas Demirci qeyd edib ki, təmiz su ehtiyatlarının qorunması istiqamətində uzunmüddətli siyasətlərin hazırlanması həyati əhəmiyyət daşıyır: “Elmi araşdırmalar göstərir ki, iqlim dəyişikliyi, əhali artımı və məsuliyyətsiz istehlak nəticəsində təmiz su qaynaqları getdikcə daha çox təzyiq altında qalır. Yeraltı suların azalması, göllərin quruması və su hövzələrinin çirklənməsi gələcək üçün ciddi risklər yaradır”.
Baş katib vurğulayıb ki, su, meşə və ətraf mühit bütün insanların ortaq sərvətidir: “Bu resursları qorumaq, onlardan səmərəli istifadə etmək və gələcək nəsillərə sağlam şəkildə ötürmək hamımızın ümumi məsuliyyətidir”.
O əlavə edib ki, meşələr həyatın davamlılığı baxımından strateji əhəmiyyət daşıyır: “Meşələr təmiz havanın, iqlim balansının və biomüxtəlifliyin əsas dayağıdır. Təəssüf ki, dünyada artan meşə yanğınları və ekoloji çirklənmə bu mühüm irsi təhlükə altına salır”.
İlyas Demirci yenilənə bilən enerji mənbələrinin artırılmasının, ekoloji texnologiyaların inkişaf etdirilməsinin və su-enerji əlaqələrinin düzgün idarə olunmasının da dayanıqlı inkişaf baxımından vacib olduğunu diqqətə çatdırıb.