X Corp. Avstraliyanın onlayn təhlükəsizlik tənzimləyicisi ilə təxminən üç il davam edən hüquqi mübahisədə məğlub olub. Şirkət ölkənin Onlayn Təhlükəsizlik Qanununu pozduğunu etiraf edib. Səbəb isə uşaqların onlayn istismarının qarşısının alınması tədbirləri barədə tələb olunan məlumatları vaxtında təqdim etməməsi olub.
QHT.az xarici mediaya istinadən bildirir ki, məhkəmədə eSafety komissarının vəkili Kristofer Tran bildirib ki, şirkət 38 gün ərzində qanuna uyğun davranmayıb. Federal Məhkəmə X-ə 650 min Avstraliya dolları cərimə və əlavə olaraq 100 min dollar hüquqi xərc ödəməyi tapşırıb.
Mübahisə ilk dəfə 2023-cü ilin oktyabrında başlamışdı. Tənzimləyici qurum şirkətin anti-uşaq istismarı prosesləri ilə bağlı 25 suala qeyri-kafi cavab verdiyini açıqlamışdı. X isə əvvəlcə Elon Musk tərəfindən satın alındıqdan sonra adının dəyişdiyini əsas gətirərək cəriməni ləğv etdirməyə çalışmışdı.
Şirkətin vəkili Perri Herzfeld məhkəmədə problemin “məlumatların təqdim edilmə vaxtı ilə bağlı tarixi məsələlərdən” qaynaqlandığını deyib. O bildirib ki, pozuntu şirkətin keçid və dəyişiklik dövründə baş verib.
eSafety tərəfi isə X-in hərəkətləri nəticəsində birbaşa zərər yaranmadığını qəbul etsə də, tənzimləyiciyə məlumat verilməməsinin onun fəaliyyətinə mane olduğunu vurğulayıb.