"Plastik tullantıların artması ekosistemin pozulmasına səbəb olur".
Bunu WUF13 çərçivəsində keçirilən “Plastik çirklənmə ilə mübarizə:
yaşayış üçün əlverişli şəhərlərin və dairəvi iqtisadiyyatın təşviqi” sessiyasında ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.O bildirib ki, son 15 ildə Azərbaycanda plastik qabların istifadəsi 5 dəfə artıb:
“Dünyada hər il 430 milyondan çox plastik qab istehsal olunur, lakin onun yalnız 10 faizi təkrar emala cəlb edilir. Plastik qab istehsalı atmosferə ciddi ziyan vurur və iqlim dəyişikliyinin güclənməsinə səbəb olur. Məktəb və universitetlərdə bu məsələlərə diqqət yetirilməsi vacibdir.
Ölkədə tullantıların idarə olunması ilə bağlı müvafiq agentlik yaradılıb. Azərbaycanda məişət tullantılarının idarə olunması üzrə 2027–2030-cu illəri əhatə edən işlər davam etdirilir. Qlobal çağırışlara cavab vermək və gələcək üçün strateji tədbirlər görmək vacibdir".
Qeyd edək ki, son vaxtlar ölkədə plastik qablar istehsalı sürətlənib və marketlərdə, mağazalarda çox sayda plastik qablar satılır. Həmin məhsulların qiyməti isə 1-5 manata olduğu üçün vətəndaşlar daha çox alırlar.
Bu qablar insan orqanizminə zərərli olduğu halda onun istehsalı niyə genişləndirilir və onu digər məhsullarla əvəz etmək olarmı?
Məsələ ilə bağlı “Azad İstehlakçılar” İctimai Birliyinin sədri Eyyub Hüseynov "Cebheinfo.az"-a bildirib ki, dövlət orqanları bir neçə ildir plastik qabların istifadəsinin azaldılması istiqamətində iş aparmaq istəsələr də alternativ təkliflər olmadığı halda bu şağırışların heç bir nəticəsi olmayacaq:
"Yəni Amerikadakı kimi ağac qabığından, kağız və kartondan qablar (birdəfəlik istifadə üçün) hazırlanmalıdır. Əks təqdirdə həmin məmulatların artması davam edəcək və bu, əlbəttə ki, ərtaf mühitə ziyan gətirir.
Plastik qablar ətraf mühitin çirklənməsində böyük rol oynayır. Ölkədə plastik torbalarla bağlı da çağırış olmasına baxmayaraq, bu sahədə tam nəticə əldə edilməyib. Çünki müvafiq qurumlar bu sahədə əhali ilə sıx əməkdaşlıq etmirlər.
Əgər əhali dəstəkləsə, dəyişiklik olar. Doğrudur, plastik torbaların ödənişli satışından sonra 30 faiz azalma var. Təəssüflər olsun ki, birdəfəlik stəkanlar, qaşıqlar, boşqablar, digər plastik qabların istehsalı və istehlakı davam edir.
Bu istiqamətdə mütləq alternativ istehsal və yaxud idxal baş verməlidir ki, vəziyyət dəyişsin. Əks təqdirdə bu sahədə irəliləyiş müşahidə edilməyəcək".