AZ

Anadan Olmasının 120-ci İlində Səməd Vurğun

2026-cı ildə Səməd Vurğunun anadan olmasının 120 illiyi qeyd olunur. Prezident İlham Əliyevin Xalq şairi Səməd Vurğunun 120 illiyinin qeyd edilməsi haqqında Sərəncamı sənətkarın ruhuna ehtiram, eyni zamanda, xalqın mənəvi mirasına, mədəni irsinə sadiqliyin təcəssümüdür. Böyük şairin 120 illik yubileyi münasibətilə Azərbaycanda silsilə ədəbi-bədii tədbirlər, elmi konfranslar və xatirə gecələri keçirilir. Onun yaradıcılığı qardaş Türkiyə mətbuatında da geniş işıqlandırılır. Bu istiqamətdə Türkiyə Ərzincan Universitetinin professoru Ali Kafkasiyalının Səməd Vurğuna həsr etdiyi silsilə məqalələr xüsusi maraq doğurur.

Qeyd edək ki, Ali Kafkasiyalı Azərbaycan ədəbiyyatı və aşıq sənəti sahəsində tanınmış tədqiqatçılardandır. O, bu mövzularda çoxsaylı elmi əsərlərin müəllifi olmaqla yanaşı, Türkiyədə nəşr olunmuş Səməd Vurğun adlı monoqrafiyanın da müəllifidir. Alimin böyük şair haqqında qələmə aldığı məqalələri oxucularımıza təqdim edirik.

III məqalə

Millətinə vurğun Səməd Vurğun

Bu cümlə sadəcə bir bioqrafiyanın başlanğıcı deyil; bir həqiqətin qapısını açan ən sadə ifadədir. Çünki Səməd Vurğunu anlatmaq bir dövrün, bir millətin, bir dilin və bir insanlıq halının hekayəsini danışmaq deməkdir.

Onu təqdim edərkən sadalaya biləcəyimiz çoxlu titullar var: şair, dramaturq, akademik, SSRİ Ali Sovetinin demək olar ki, daimi deputatı, parlament qrupunun üzvü, Moskva Dövlət Universitetinin fəxri doktoru, Azərbaycan Elmlər Akademiyasının vitse-prezidenti, Stalin mükafatı və Lenin ordeni laureatı... Joseph Stalinin qarşısında şeir oxumuş, Winston Churchill ilə eyni süfrədə əyləşmiş bir Azərbaycan türkü...

Lakin bütün bu titullar zaman qarşısında kölgə kimi silinib gedir. 

Geriə isə cəmi üç söz qalır: Vətən övladı. Şair.

Bu gün Bakıda, Qazaxda, Salahlıda, Biləsuvarda onun heykəlləri ucalır. Daşdan, bürüncdən, mərmərdən... Amma məsələ heykəllər deyil. Məsələ bir şairin xalqın yaddaşında yaratdığı görünməz heykəldir. Biləsuvarda Aleksandr Puşkin ilə yanaşı dayanması da təsadüfi deyil. Bu, ədəbiyyatın qurduğu dərin bağın ifadəsidir. Çünki Səməd Vurğun Yevgeni Onegin əsərini sadəcə tərcümə etməmiş, onu öz dilində yenidən yaratmışdır.

Bir milləti fəth etməyin yalnız silahla deyil, mədəniyyətlə, adlarla və ədəbiyyatla da mümkün olduğunu düşündükdə, bu yanaşı dayanmanın ayrıca mənası ortaya çıxır. Amma burada üstünlük deyil, bərabərlik vardır. Bu, iki böyük şairin eyni səma altında görüşməsidir.

Səməd Vurğunun böyüklüyü həm yaşadıqlarında, həm də yaşamadıqlarında gizlidir. Xüsusilə 1937-ci ilin qaranlıq illərində... O illərdə ki, Hüseyn Cavid və Mikayıl Müşfiq kimi neçə-neçə böyük ad məhv edildi. Həmin dövrdə Osip Mandelştam sürgündə məhv edilərkən, Boris Pasternak həyatda qaldı. Bu necə tərəzi idi?

Səməd Vurğunun sağ qalması haqqında saysız-hesabsız söz-söhbətlər dolaşdı. Kimisi bunu xəyanət, kimisi cəsarət adlandırdı... Kimisi təsadüf dedi, kimisi qorunma... Amma həqiqət budur ki, o dövrün ölçüsü yox idi. O illər insanlığın ölçüsünü itirdiyi illər idi.

Bəlkə də ən məntiqli izahlardan biri Konstantin Simonova aiddir: Stalinin yaddaşı... Bir şairi xatırlaması... Onu bir anda yox olmaqdan xilas edən incə xətt...

Və o səhnə: Kremlin salonunda, Stalinin qarşısında dayanan bir şair..

“Vurğun nə deməkdir?” sualına verilən cavab belədir:

“Aşiq... Amma kiməsə yox, vətənə.”

Bu cavab bir ömrün xülasəsi deyilmi?

Səməd Vurğun xalqla birbaşa danışa bilən nadir şairlərdən biridir. Onun sözləri bəzədilmiş deyil, yaşanılmış kimidir. Dili akademik kürsülərdən yox, həyatın içindən gəlir.

Bir ay Azərbaycanda qalan Nazım Hikmət bir il yarım əvvəl vəfat etmiş Səməd Vurğunun doğulduğu Qazax şəhərini, müəllimlik etdiyi Gəncəni və Göygölü ziyarət edir. “Halkın Malı Olan Sanat” adlı məqaləsində Nazım Hikmət Səməd Vurğun haqqında bunları yazır:

Mən burada hara getdimsə, Səmədə rast gəldim.
Hər şəhərdə, hər kənddə, hər məktəbdə, hər klubda,
neft sahələrində, pambıq tarlalarında, hər yerdə,
hər evdə Səməd ilə göz-gözə gəldim...
Hər narı, hər üzüm salxımını Səməd ilə bölüşdüm.
Azərbaycan xalqı ilə görüşlərimdə
Süleyman Rüstəm, Mehdi Hüseyn və Rəsul Rza ilə birlikdə
onların yanında Səməd də mənə o ağıllı,
həm də çox ağıllı, çox işıqlı, bir az da məsum gözləri ilə gülümsəyirdi.

Buna görə də 1989–1991-ci illərdə Azərbaycanın taleyinin yenidən yazıldığı günlərdə meydanlarda ən çox onun şeirləri səslənirdi. Eyni meydanda fərqli düşüncələrə sahib insanlar eyni şairin misralarında birləşə bilirdi. Çünki həqiqi poeziya ideologiyaların deyil, millətin dilidir.

Səməd Vurğunun həyatı eyni zamanda böyük bir ironiyanı da daşıyır. Təhsil aldığı müəssisələr məlumdur: Qazax Seminariyası, Bakı Pedaqoji İnstitutu, Moskva Dövlət Universiteti... Amma onu yetişdirən əsas qüvvə bu qurumlar deyil, öz iradəsi, marağı və mütaliə həvəsi olmuşdur.

O, Immanuel Kantı da bilirdi, Georg Wilhelm Friedrich Hegeli də... Arthur Schopenhaueri də oxuyur, dünya ədəbiyyatını da dərindən mənimsəyirdi. Rus dilində mükəmməl danışır, fikirlərini aydın ifadə edirdi. Nizami Gəncəvinin Leyli və Məcnun əsərini o tərcümə etmişdi. Elə tərcümə etmişdi ki, əsərin “yazılma səbəbi” hissəsi ayrıca bir kitab dəyərindədir. Bu, hər bir Şərq ziyalısının mütləq oxumalı olduğu bir əsərdir.

Onun haqqında “yalnız istedadlı idi” deyənlər əslində zəhmətin böyüklüyünü görməyənlərdir.

Bir də onun insani tərəfi vardı. Həyat yoldaşı Xavər Mirzəbəyova ilə qurduğu ailə həyatı, övladlarına olan sevgisi... Ata olaraq yazdığı ilk şeir:

“Demək oğlumuzun Vaqifdir adı...”

Bu misralardakı istilik onun ən böyük şeirlərindən geri qalmır.

Səməd Vurğun eyni zamanda böyük dramaturq idi. Vaqif, Fərhad və Şirin, İnsan... Bu əsərlər yalnız səhnə üçün yazılmış mətnlər deyil, yaddaşa həkk olunmuş sözlərdir. Bu gün belə bir çox insan “Vaqif”i əvvəldən sona qədər əzbər söyləyə bilirsə, bu, ədəbiyyatın ən böyük zəfərlərindən biridir.

Amma bəlkə də onun ən böyük xidməti dil sahəsindədir. Azərbaycan türkcəsini ağır yad təsirlərdən təmizləmək uğrunda apardığı mübarizə... Bu gün danışılan, yazılan, hiss edilən dildə onun böyük əməyi vardır.

Nəticədə bir həqiqəti qəbul etmək lazımdır:

Səməd Vurğunun həyatı sözün əsl mənasında bir sınaqdır. Zamanın, ideologiyaların, insanın və sənətin sınağı...

Və bu imtahandan geriyə qalan yeganə həqiqət budur:
Həqiqi sənət bütün titulları aşır.

Bu gün, anadan olmasının 120-ci ilində onu anarkən, əslində özümüzə bu sualı verməliyik:
Bir insanı ölümsüz edən nədir?

Cavab aydındır:
Nə ordenlər, nə vəzifələr, nə də heykəllər…


Yalnız geridə qoyduğu söz.

Və o söz hələ də yaşayırsa,
Azərbaycan yaşayırsa,
Türk Dünyası yaşayırsa,
Səməd Vurğun da yaşayır deməkdir.

 

11 may 2026.

https://www.internethaber.com/dogumunun-120-yilinda-samet-vurgun-milletine-vurgun-samet-2442927y.htm

Türkcədən çevri:

 Bakı Dövlət Universitetinin müəllimi Namiq Qədimoğlu.

Seçilən
40
xalqqazeti.az

1Mənbələr