AZ

Hemofiliya və digər Hemostaz Pozuntuları Assosiasiyası tərəfindən tədbir keçirilib

20 may 2026-cı il tarixində Bakı Olimpiya Stadionunda, NGO Agency Pavilyonunda, BMT-nin Ümumdünya Şəhərsalma Forumunun (World Urban Forum – WUF13) 13-cü sessiyası çərçivəsində Hemofiliya və digər Hemostaz Pozuntuları Assosiasiyası tərəfindən regionlarda yaşayan pasiyentlərin həyat keyfiyyətinə və müalicə imkanlarına həsr olunmuş genişmiqyaslı tədbir keçirilib.

QHT.az xəbər verir ki, tədbirin əsas mövzusu “Regionlarda hemostaz pozuntularından əziyyət çəkən pasiyentlər üçün müalicənin əlçatanlığı və infrastrukturun təşkili standartları” olub. Tədbirin keçirilməsində əsas məqsəd şəhər və rayon yaşayış məntəqələrinin inklüziv inkişaf konsepsiyasına uyğun olaraq, xüsusi qayğıya ehtiyacı olan hər bir koaqulopatiyalı (qan laxtalanma pozuntulu) pasiyentin müasir tibbi xidmətlərə çıxışını və həyati vacib laxtalandırıcı faktor preparatlarının regionlarda əlçatanlığını təmin etmək olub.

Tədbirdə səhiyyənin müxtəlif sahələrini təmsil edən aparıcı mütəxəssislər çıxış edərək xəstəliyin idarə olunmasında regional infrastrukturun formalaşdırılması ilə bağlı mühüm məsələləri diqqətə çatdırıblar.

Ayaz Hüseynov (Hemofiliya və digər Hemostaz Pozuntuları Assosiasiyasının sədri) “Hemofiliya və digər Hemostaz Pozuntuları Assosiasiyasının dövlət səhiyyə qurumları ilə əməkdaşlığı nəticəsində pasiyentlərin müalicəsində əldə edilən nailiyyətlər və gələcəyə dair əsas məqsədlər” mövzusunda çıxış edib. Ayaz Hüseynov dövlət qurumları ilə tərəfdaşlıq nəticəsində qazanılmış uğurlardan bəhs edərək, xüsusilə region mərkəzi xəstəxanalarında Assosiasiyanın dəstəyi ilə multidisiplinar müalicənin təmin olunması məqsədilə stomatoloji və fizioterapevtik xidmətlərin, həmçinin laboratoriyaların yaradılmasının vacibliyini vurğulayıb. O, eyni zamanda regional tibb heyəti üçün sistemli seminarların və təcrübə mübadiləsinin əhəmiyyətini qeyd edib.

Dr. Ələmdar Cəfərzadə (Respublika Klinik Xəstəxanasının Hematologiya şöbəsinin həkim-hematoloqu) “Azərbaycanın bölgələrində hemofiliyalı və digər koaqulopatiyalardan əziyyət çəkən vətəndaşlar üçün müalicəyə çıxışın təşkili” mövzusunda məruzə edib. Həkim bölgələrdə fərdi müalicə planlarının hazırlanmasının və dərman preparatlarının davamlı tədarükünün pasiyentlərin həyat keyfiyyətində həlledici rol oynadığını diqqətə çatdırıb.

Mirvarid Siracova (Hemofiliya və digər Hemostaz Pozuntuları Assosiasiyasının və Sumqayıt Hospitalının baş tibb bacısı) “Qanın laxtalanma pozuntularının müalicəsinin təşkilində tibb bacısının rolu” mövzusunda çıxış edərək koaqulopatiyalı pasiyentlərin müalicə prosesində ixtisaslaşmış orta tibb heyətinin mühüm rolunu və tibb bacıları tərəfindən aparılan xəstə maarifləndirilməsi standartlarını izah edib.

Dr. Həmid Tapdıqov (MediClub klinikasının anestezioloq-reanimatoloqu) “Xarici və daxili qanaxmalarda təcili və təxirəsalınmaz yardımın təşkili” mövzusunda çıxış edib. Dr. Tapdıqov kəskin qanaxmalar zamanı ilkin tibbi müdaxilənin elmi əsaslarını izah edib və tədbir iştirakçılar üçün həm nəzəri, həm də praktiki hissələrlə davam etdirilib.

Forum iştirakçıları və beynəlxalq nümayəndələr tərəfindən böyük maraqla qarşılanan sessiya interaktiv sual-cavab hissəsi ilə davam edib.

Tədbir çərçivəsində, həmçinin Hemofiliya və digər Hemostaz Pozuntuları Assosiasiyasının regional fəaliyyət strategiyasını və nailiyyətlərini əks etdirən geniş poster sərgisi nümayiş olunub və qonaqlar tərəfindən yüksək qiymətləndirilib.

 

Seçilən
3
qht.az

1Mənbələr