AZ

“Uğurlu yenidənqurma yalnız tikilən evlərin sayı ilə ölçülmür”

“Bu forum çərçivəsində biz yalnız şəhərlərin bərpasını deyil, eyni zamanda insanların ümidlərinin, sosial həyatın və iqtisadi imkanların yenidən qurulmasını müzakirə edirik. Azərbaycan üçün bu məsələ xüsusi əhəmiyyət daşıyır”.

“Qafqazinfo” xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən “Böhranların bərpası və yenidənqurulmasının mərkəzində mənzil təminatı” adlı sessiyada Ağdam, Füzuli və Xocavənddə Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.

O bildirib ki, otuz il ərzində məcburi köçkünlər bir gün doğma torpaqlarına və ata-baba yurdlarına qayıdacaqları ümidi ilə yaşayıblar: “İşğaldan azad edilmiş ərazilərdə şəhərlər və kəndlər genişmiqyaslı dağıntılara məruz qalıb. Dağıdılmış infrastrukturun miqyası olduqca böyük idi - yaşayış məntəqələri, sosial obyektlər və mənzil fondu demək olar ki, tamamilə məhv edilmişdi. Bu gün biz yalnız daşdan, kərpicdən və betondan danışmırıq. Məqsədimiz insanların yenidən təhlükəsiz, ləyaqətli və dayanıqlı həyata qayıtmasını təmin etməkdir.

Bu gün Azərbaycanda genişmiqyaslı bərpa, yenidənqurma və “Böyük Qayıdış” proqramları həyata keçirilir. Bu məqsədlə böyük həcmdə resurslar yenidənqurma işlərinə yönəldilib. Ağdam, Xocavənd və digər bölgələrdə həyata keçirilən layihələr bunun bariz nümunəsidir. Biz şəhər və kəndləri demək olar ki, sıfırdan yenidən qururuq. Bu proses zamanı yalnız infrastrukturun bərpasına deyil, həm də müasir və dayanıqlı şəhərsalma yanaşmalarına üstünlük veririk”.

Xüsusi nümayəndə qeyd edib ki, hazırlanan layihələr innovativ həlləri, ekoloji davamlılığı və insanların rahat yaşayışını təmin edən yeni modelləri özündə birləşdirir: “İnsanlar artıq gələcəyə daha böyük inamla baxmağa başlayıblar. Məcburi köçkünlərin bir hissəsi artıq yenidən qurulmuş yaşayış məntəqələrinə qayıdıb və qarşıdakı illərdə daha çox ailənin doğma torpaqlarına dönüşü təmin olunacaq. Yeni yaşayış məhəllələri, məktəblər, səhiyyə müəssisələri və dövlət qurumları yaradılır.

Bütün bunlar bölgələrdə normal və davamlı həyatın yenidən formalaşdırılmasının vacib hissəsidir. Eyni zamanda, bərpa və yenidənqurma prosesi gələcək çağırışları da nəzərə almalıdır. Məqsəd yalnız əvvəlki vəziyyəti bərpa etmək deyil, daha müasir, daha ağıllı və dayanıqlı şəhər sistemləri qurmaqdır. Məhz buna görə Azərbaycan şəhərsalma proqramlarında yaşıl enerji həllərinə, rəqəmsal idarəetməyə və dayanıqlı infrastrukturun inkişafına xüsusi önəm verir”.

O bildirib ki, yeni və dayanıqlı icmaların formalaşdırılması istiqamətində mühüm addımlar atılır. Ağdam şəhəri və dövlət dəstəyi ilə yenidən qurulan kəndlər bunun parlaq nümunələridir: “Həyata keçirilən layihələr çərçivəsində bərpa olunan enerji mənbələri, yüksək sürətli bağlantı imkanları, fiber-optik internet infrastrukturu, müasir sosial obyektlər və ətraf mühitə həssas şəhərsalma yanaşmaları tətbiq edilir. Bu planlaşdırma modeli insanların rahat yaşayışını təmin etməklə yanaşı, uzunmüddətli dayanıqlı inkişaf məqsədlərinə də xidmət edir.

Öyrəndiyimiz ən vacib dərslərdən biri budur ki, yenidənqurma və bərpa prosesi yalnız yuxarıdan idarə olunan yanaşma ilə həyata keçirilə bilməz. İcmalar öz gələcəklərinin, şəhərlərinin və yaşayış məhəllələrinin formalaşmasında birbaşa iştirak etməlidirlər. Keçmiş məcburi köçkünlər, yerli sakinlər, qadınlar, gənclər və həssas qruplar bərpa prosesinin ayrılmaz hissəsi olmalıdır.

Çünki uğurlu yenidənqurma yalnız tikilən evlərin sayı ilə ölçülmür. Əsas məsələ insanların geri qayıtdıqdan sonra özlərini doğma evində hiss etməsidir. Bu məqsədə nail olmaq üçün beynəlxalq təşkilatlar, dövlət qurumları, maliyyə institutları, şəhərsalma mütəxəssisləri və icmalar arasında güclü tərəfdaşlıq vacibdir. Dayanıqlı və uğurlu nəticələr yalnız birgə əməkdaşlıq yolu ilə mümkündür”.

"Cebheinfo.az"

Seçilən
13
cebheinfo.az

1Mənbələr