AZ

ƏNənəyə sitayiş ...

Biz kimik, Azərbaycan xalqımı, sovet xalqımı? Hər ikisimi, heç birimi?

Bu iki ad eyni toplumu ifadə etsə də, həm bir-birinə düşmən, həm bir-birinə dost olan iki xalqa aiddir. Mənim fikrimcə, biz hələ ki, sovet xalqıyıq. Çünki yüksək təzyiqli düşüncə tərzimiz sovet düşüncəsidir.

Müstəqil Azərbaycanı sovet Azərbaycanına olan sevgimizlə sevirik. Dövlətə sevgimizin forması dəyişsə də, məzmunu dəyişməyib. Azərbaycan xalqı dediyimiz xalq 1991-ci ildə doğulub, 35 yaşı var. Xalq üçün 35 yaş, südəmərlik dövrüdür.

Konkretləşdirək. Hər şeyin “Ən”inə can atmaq, hər şeyi “Ən”ləşdirmək proletarizm ənənəsidir. Proletar təhsilin Ən çox verdiyi suallar belə idi: Ən uzun çay? Ən hündür dağ? Ən böyük şəhər? və s. Sovet vətəndaşı dünyanın “Ən”lərini əzbər bilirdi. Və bu bilginin heç bir praktik faydası yox idi.

ƏNənə bu gün də hegemondur. İnsanlarımız ən hündür hasara, ən böyük avtomobilə, ən məşhur müğənniyə, ən vəzifəli Ənkəyə, ən bahalı telefona və s. sahib olmaq üçün insanlıqdan çıxıblar.

Hər hansı bir ƏN-ə sahib olmayan vətəndaşımız özünü ölmüş bilir!

Məsələn, dünən bir aparıcı müsahibindən soruşur: Sizcə, əsl ziyalı kimdir? Müsahib də əsl ziyalı ölçən aparatı varmış kimi inamla iki dostumuzun adını çəkir. Camaat da başlayır hər üçünü söyməyə ki, əsl ziyalı onlar deyil, filankəslərdir. Mənzərənin özü, özülü yanlışdır.

Çünki Ən olmaq öhdəliyi, məqsədi olmayanı belə ƏN-lə ölçmək istəyirik. Lap tutaq ki, bir-birimizi söyə-söyə ən ziyalı olanı, ən şair olanı, ən alim olanı, ən gur səsi olanı elan etdik. Bu, cəmiyyətin həyatında nəyi dəyişəcək?

Ən uca bayrağın Bakıda dalğalanması, ən uca səsin Rəşid Behbudovdan çıxması, ən çox iqlim tipinin Azərbaycanda olması, ən təhrif olunmayan müqəddəs kitabın şifonerimizdə saxlanması və s. həyatımızda nəyi dəyişir?

Ümumiyyətlə, cəmiyyətin Ən-lərlə ovudulması ideoloji məsələdir.

Sovet Laykasının ən birinci kosmosa uçması sovet xalqlarının həyatına atılıb-düşməkdən başqa nə gətirdi? Şimali Koreya ən uzaqmənzilli raketlərə sahibdir, bunun bir koreyalının həyatına nə qatqısı var? İranın ən qədim dövlət olmasıyla öyünməsi İran vətəndaşına səfalətdən başqa nə verir?

Ən-lərə sitayiş sovet xalqı olmağımızın sadəcə bir əlamətidir. Təkcə AMEA-ya girib yüzlərlə belə əlamət görmək olar. Biz hələ Azərbaycan xalqı deyilik, onun ümidiyik. Azərbaycan xalqı bizi gələcəkdə gözləyir.

Bəlkə, gözləməkdən yorulub bir gün gələcəkdən də çıxıb gedəcək.

Seçilən
6
vaxt.az

1Mənbələr