AZ

Marco Bovati: Yeni tikililər üçün yeni əraziləri zəbt edə bilmərik

BAKI, 21 may. TELEQRAF

“Artıq yeni tikililər üçün torpaqları davamlı şəkildə istehlak edib yeni əraziləri zəbt edə bilmərik. Adaptiv istifadə və yenidən funksiyalaşdırma prosesləri mənzil mövzusu ilə sıx bağlıdır”.

Teleqraf xəbər verir ki, bu fikirləri Ümumdünya Şəhərsalma Forumu çərçivəsində keçirilən “Mənzil və təhsil” panel sessiyasında ADA Universitetinin Dizayn və Memarlıq fakültəsinin dekan müavini Marco Bovati səsləndirib.

O bildirib ki, ölkənin yaxın və uzaq keçmişinə aid mühüm memarlıq nümunələrinin qorunması, onların potensialını üzə çıxaran və gücləndirən proseslərin başlanması vacibdir:

“Memarlıq və dizayn təhsili yalnız yaxşı plan hazırlamağı öyrətmək deyil. Buraya dizayn proseslərinin sosial tərəfini anlamaq, icmalarla işləməyi öyrənmək, onların ehtiyaclarını dərk etmək də daxildir. Bəzən spontan fəaliyyətlər planlaşdırılmış dizayndan daha güclü olur və belə mühitlərdə necə iştirak etməyi öyrənmək vacibdir.

Bu sahədə kifayət qədər təcrübəmiz var. Təhsil proqramlarında əsas məsələlərdən biri tədqiqat və tədrisi memar və dizaynerin sosial rolu ilə yenidən əlaqələndirməkdir. Sosial ehtiyaclarla və icmalarla birbaşa təmas qurmaq, insanlarla işləmək böyük əhəmiyyət daşıyır”.

Dekan müavini məşhur memar Alejandro Aravenanın “Elemental” layihəsini də nümunə göstərib:

“Bu layihədə evlər tam şəkildə tikilmir, yalnız yarısı inşa olunur. Qalan hissəni isə insanlar öz imkan və istəklərinə uyğun tamamlayırlar. Beləliklə, spontan qüvvələrlə planlaşdırılmış dizayn ortaq bir prosesə çevrilir”.

Seçilən
12
teleqraf.com

1Mənbələr