Ermənistanda sərhəd keçidlərində pasportlara vurulan giriş-çıxış möhürlərindən Ağrı dağı təsvirinin çıxarılması qərara alınıb. Bu addım ölkə daxilində və regional kontekstdə diqqət çəkən dəyişiklik kimi qiymətləndirilir.
Məlumata görə, qərarın yeni dizayn dəyişiklikləri çərçivəsində həyata keçirildiyi və xüsusilə Türkiyə ilə sərhəd reallıqlarının nəzərə alındığı bildirilir.
Yerli mənbələrin iddiasına görə, bu dəyişiklik İrəvan administrasiyasının “Real Ermənistan” doktrinası çərçivəsində atdığı addımlardan biri kimi qiymətləndirilir.
Bu yanaşmanın mövcud beynəlxalq sərhədləri əsas götürməyi, həmçinin Türkiyə ilə normallaşma prosesinə zərər verə biləcək simvolik mesajlardan və gərginlik yarada biləcək elementlərdən uzaq durmağı hədəflədiyi qeyd olunur.
Ağrı dağı həm coğrafi, həm də siyasi-simvolik baxımdan uzun illərdir Ermənistan-Türkiyə münasibətlərində həssas mövzulardan biri hesab olunur. Yeni qərar isə tərəflər arasında son dövrlərdə müşahidə edilən normallaşma siqnalları fonunda qiymətləndirilir.