"Transformerlər" filminin rejissoru Maykl Bey İranda qəzaya uğrayan amerikalı pilotların gizli və təhlükəli xilasetmə missiyasından bəhs edən bədii film çəkəcək.
Bizim.Media xəbər verir ki, bu barədə "Variety" nəşri məlumat yayıb.
"Armageddon", "Pörl Harbor" və "Transformerlər" kimi səs-küylü layihələri ilə tanınan Hollivud rejissoru Maykl Bey real hadisələrə əsaslanan bu yeni ekran işi üçün "Universal Pictures" studiyası ilə əməkdaşlığa başlayıb. Filmdə 2026-cı ilin aprel ayında ABŞ ordusunun keçirdiyi "Epik Qəzəb" (Operation Epic Fury) hərbi əməliyyatı zamanı "F-15E Strike Eagle" qırıcısı İranda (Zaqros dağlarında) vurulan iki amerikalı hərbçinin düşmən xəttinin arxasından möcüzəvi şəkildə sağ-salamat çıxarılmasından bəhs olunacaq.
Ekran işi yazıçı Mitçell Zukoffun 2027-ci ildə "HarperCollins" nəşriyyatında işıq üzü görəcək eyniadlı sənədli kitabı əsasında adaptasiya ediləcək. Qeyd edək ki, Maykl Bey daha əvvəl də Zukoffun ABŞ-ın Benqazidəki (Liviya) diplomatik missiyasına hücumdan bəhs edən "13 saat" kitabını ekranlaşdırmışdı.
"Deadline" nəşrinə danışan Maykl Bey 30 illik karyerası ərzində ABŞ Müdafiə Nazirliyi (Pentaqon) və hərbçilərlə hər zaman uğurlu tərəfdaşlıq etdiyini bildirərək, bu layihəyə də ordunun rəsmi dəstək verəcəyinə eyham vurub.
Rejissor əlavə edib ki, bu film son tarixin ən mürəkkəb, riskli və gərgin xilasetmə əməliyyatlarından birini uğurla icra edən əsgərlərin real qəhrəmanlığına həsr olunacaq.
Bizim.Media