BAKI, 21 may. TELEQRAF
"Milli və yerli səviyyələrdə konkret addımların atılmasının vacibliyi fonunda, hazırda şəhərlər həm iqlim risklərinin, həm də iqlim həllərinin mərkəzində dayanır. İqlim dəyişikliyi səbəbindən şəhərlər getdikcə daha çox daşqınlar, isti dalğaları, quraqlıqlar, qasırğalar və infrastruktur problemləri ilə üzləşirlər".
Teleqraf xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Bakıda keçirilən WUF13 çərçivəsində təşkil edilən "Davamlılıq standartı: Davamlı təcrübələr standartı (SPS)" tədbirində çıxışı zamanı deyib.
O qeyd edib ki, bu çağırışlar artıq gələcəyin deyil, bu günün reallığıdır.
"Dünya miqyasında iqtisadiyyata, ictimai sağlamlığa, enerji sistemlərinə və milyonlarla insanın gündəlik həyatına birbaşa təsir göstərir. Belə bir şəraitdə dayanıqlı təcrübələrin tətbiqi xüsusi əhəmiyyət kəsb edir. Bu yanaşma dayanıqlılıq ideyasını sadəcə nəzəri bir anlayışdan ölçülə bilən və praktiki fəaliyyətə çevirir, hesabatlılığı artırır və resurslardan daha səmərəli istifadəni dəstəkləyir.
Bu istiqamətdə Azərbaycanın ilk milli dayanıqlılıq standartının hazırlanması mühüm tarixi hadisə hesab olunur. Bu addım dayanıqlı inkişafın sadəcə strategiya və bəyanatlarla məhdudlaşmamalı olduğunu, həmçinin planlaşdırma proseslərinə, layihə idarəetməsinə və gündəlik institusional təcrübələrə inteqrasiya edilməsinin zəruriliyini nümayiş etdirir".