AZ

Android yox, iPhone: Texnologiya nəhəngi öz məhsuluna GÜVƏNMİR?

Ajans.az xarici mediaya istinadən xəbər verir ki, "Google"ın yüksəkvəzifəli rəhbərlərindən biri Android məhsulunun təqdimatı zamanı "iPhone"dan istifadə edib. "Wccftech"in məlumatına görə, "Google" rəhbəri Coş Vudvardın (Josh Woodward) "iPhone" işlətməsi diqqət çəkib və bu, tənqidlərə səbəb olub. Mayın 20-də ABŞ-nin texnologiya nəhəngi yeni Android texnologiyaları və xidmətlərinin təqdim olunduğu tərtibatçı konfransı keçirib. Tədbirdə şirkət, digər yeniliklərlə yanaşı, gündəlik tapşırıqları yerinə yetirmək üçün nəzərdə tutulmuş "Gemini Spark" adlı süni intellekt sistemini də təqdim edib. Təqdimatı "Google Labs"ın rəhbəri Coş Vudvard aparıb. Jurnalistlər onun tətbiqin imkanlarını göstərərkən iPhone istifadə etdiyini qeyd ediblər. Müəlliflərin fikrincə, "iPhone" "Google" üçün əsas rəqib cihazlardan biridir. Çünki "Apple" smartfonları birbaşa "Google Pixel" modelləri ilə rəqabət aparır. Ekspertlər "Google"-ın yeni texnologiyalarını başqa bir şirkətin cihazında nümayiş etdirməsini qəribə hal kimi qiymətləndiriblər. Bundan əlavə, konfransdakı bəzi çıxışçıların Gemini süni intellektini işlətmək üçün Mac kompüterlərindən istifadə etdiyi də bildirilib. Jurnalistlər yazıblar: “Görünür, Coş Vudvard Android-dən daha çox iOS-a üstünlük verir. "Google" rəhbərliyi isə bundan ciddi narahat deyil.” Bununla yanaşı, bəzi müşahidəçilər hesab edirlər ki, "Google" bunu bilərəkdən edib. Məqsəd şirkətin proqramlarının cihazlarında da problemsiz işlədiyini göstərmək və "Apple" istifadəçilərini cəlb etmək ola bilər.

May ayının ortalarında isə "9to5Google" nəşri yazmışdı ki, yeni "Sony Xperia 1 VIII" smartfonu süni intellekt funksiyalarına görə sosial şəbəkələrdə lağ obyektinə çevrilib. İstifadəçilər "Sony"nin neyroşəbəkəsinin şəkilləri uğursuz emal etdiyini və görüntü keyfiyyətini aşağı saldığını tənqid ediblər.

Seçilən
22
Ajans.az

1Mənbələr