AZ

129 il muzeydə saxlanılan yerli xalqın qalıqları

Yazını böyüt
Yazını kiçilt

Fransa Senatı kolonializm dövründə Parisdə "etnoloji şoular"da nümayiş etdirilən insanların qalıqlarının Fransız Qvianasındakı doğma torpaqlarına qaytarılmasına imkan verən qanun layihəsini yekdilliklə qəbul edib.

Hafta.az xəbər verir ki, bu qərar Fransanın dənizaşırı ərazilərindəki yerli icmaların uzun illərdir davam edən tələblərinə cavab və rəsmi Parisin öz qaranlıq müstəmləkəçilik keçmişini etiraf etməsi kimi qiymətləndirilir.

Söhbət 1892-ci ildə Parisdəki "Jardin d'Acclimatation" əyləncə parkında keçirilən kolonial sərgi zamanı müxtəlif xəstəliklərdən ölən kalina xalqının altı nümayəndəsindən gedir. Həmin vaxt kalina və aravak xalqlarına mənsub olan, aralarında uşaqlar, yeniyetmələr və gənclərin də olduğu 33 nəfər indiki Fransız Qvianası və qonşu Surinam ərazisindən Parisə gətirilərək ənənəvi geyimlərdə nümayiş etdirilmişdi. Avropada böyük izdiham toplayan bu rüsvayçı şoular tarixə "insan zooparkları" kimi düşüb.

Ölən altı nəfərin qalıqları XIX əsrin sonlarında antropoloji tədqiqatlar bəhanəsi ilə götürülmüşdü və o vaxtdan bəri dövlət kolleksiyalarında saxlanılırdı. Yeni qanunla onların qalıqları və Milli Təbiət Tarixi Muzeyində qorunan səkkiz bədən hissəsi vətənlərinə qaytarılacaq.

1892-ci ildə nümayiş etdirilən 33 nəfər arasında olan 12 yaşlı Molikonun nəticəsi Korin Toka-Devilye babalarının qalıqlarının vətənə qaytarılması uğrunda mübarizəyə rəhbərlik edir. Layihənin müəlliflərindən olan senator Katrin Moren-Dessali bildirib ki, söhbət "öz torpağından, xalqından və ləyaqətindən məhrum edilmiş insanlar"dan və ədalətin bərpasından gedir.

Tarixçilərin hesablamalarına görə, XIX-XX əsrlərdə Afrika, Asiya, Amerika və Okeaniyadan təxminən 35 min insan Avropa və ABŞ-dəki bu cür "etnoloji şoular"da nümayiş etdirilib. Bu praktika dünyada 1950-ci illərə qədər davam edib.

Qeyd edək ki, 2023-cü ildən qüvvədə olan qayda insan qalıqlarının yalnız müstəqil xarici dövlətlərin müraciətləri əsasında qaytarılmasını nəzərdə tuturdu və Fransanın dənizaşırı ərazilərini əhatə etmirdi. Yeni qanun bu hüquqi boşluğu tamamilə aradan qaldırır. Fransa Mədəniyyət Nazirliyi də repatriasiya prosesini asanlaşdıracaq bu yeni mexanizmi dəstəkləyib. Qanun layihəsi yaxın günlərdə Milli Assambleya tərəfindən də təsdiqlənməlidir./"France24"/

Seçilən
46
hafta.az

1Mənbələr