Zəngin tarixi irslə müasirliyin möhtəşəm harmoniyasını yaradan ölkəmiz öz uğurlarını və modern konsepsiyasını dünya ilə bölüşür
Azərbaycan etibarlı tərəfdaş və nüfuz sahibi olan bir dövlət kimi özünü təsdiqləyib. Bu gün ölkəmiz daxili sabitliyin hökm sürdüyü təhlükəsizlik məkanı olaraq tanınır. Məhz bu amillər Azərbaycanın mühüm beynəlxalq toplantılara evsahibliyi etməsini şərtləndirir. Paytaxtımızda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası da ölkəmizə olan qlobal etimadın əyani sübutudur. WUF13 müəyyən olunmuş qrafik üzrə ardıcıl və sistemli şəkildə işini davam etdirir. BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycanın birgə tərəfdaşlığı ilə ərsəyə gələn bu forum qlobal urbanizasiya prosesləri və şəhərlərin gələcək hədəflərinin müzakirə edildiyi dünyanın ən nüfuzlu konfranslarından biridir.
Bu mötəbər tədbir iştirakçı dövlətlərin və qeydiyyatdan keçən nümayəndələrin sayına görə COP29-dan sonra miqyasına görə ən böyük ikinci beynəlxalq hadisə kimi tarixə düşdü. WUF13-də qlobal miqyaslı çağırışlar, müasir urbanizasiya problemləri və dayanıqlı gələcək üçün mühüm yol xəritələri müzakirə olundu. Ölkəmizin evsahibliyi etdiyi bu möhtəşəm platformada dünyanın dörd bir yanından gələn ekspertlər, dövlət rəsmiləri və şəhərsalma mütəxəssisləri vahid hədəf ətrafında birləşdilər.
Qlobal müzakirələr fonunda Prezident İlham Əliyevin nüfuzlu "Euronews" televiziyasına verdiyi eksklüziv müsahibə həm forumun fəlsəfəsini, həm də Azərbaycanın dünyaya təqdim etdiyi unikal modeli bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı. Dövlətimizin başçısının səsləndirdiyi fikirlər WUF13-ün mahiyyətini və ölkəmizin beynəlxalq arenadakı çəkisini tam mənası ilə ifadə etdi. Prezident İlham Əliyev vurğuladı ki, 182 ölkədən 40 mindən çox iştirakçının qatıldığı bu forum COP29-dan sonra Azərbaycanda keçirilən ikinci ən böyük qlobal tədbirdir. İştirakçı sayının rekord həddə çatması forumun gündəliyindəki mövzunun aktuallığından, eyni zamanda Azərbaycanın geniş beynəlxalq əlaqələrin və ölkəmizə olan qlobal etmaddan xəbər verir.
Azərbaycanda memarlıq və şəhər quruculuğu sənətinin çoxəsrlik, zəngin tarixi kökləri mövcuddur. Dövlət himayəsində olan qədim qalalar, karvansaralar, dini ibadətgahlar və türbələr milli memarlıq irsimizin parlaq nümunələridir. Möminə xatun türbəsi, Xudafərin körpüsü və "Atəşgah" məbədi kimi bənzərsiz incilər yurdumuzun şəhərsalma sənətinin simvollarına çevrilib. Azərbaycan memarlıq məktəbinin şah əsərləri sayılan İçərişəhər, Şirvanşahlar sarayı, Qız qalası, eləcə də Şəkinin tarixi hissəsi və Xan sarayı UNESCO-nun Ümumdünya İrs Siyahısında yer alıb. Bu faktlar keçmişimizin şəhərsalma mədəniyyətinin dərinliyindən xəbər verir.
Fərəhlidir ki, bu möhtəşəm abidələri yerli sənətkarlarımız ərsəyə gətiriblər. Yubileyi UNESCO miqyasında qeyd olunan dahi memar Əcəmi Naxçıvaninin yaradıcılıq üslubu Orta əsrlərdə bütövlükdə Yaxın Şərq regionunun memarlıq istiqamətinə güclü təsir edərək yeni bir məktəbin əsasını qoyub.
Ölkəmiz coğrafi baxımdan qitələrin qovuşma nöqtəsində yerləşdiyindən, Şərq və Qərb mədəniyyətlərinin harmoniyası Azərbaycanın memarlıq üslubunda aydın görünür. Paytaxtın küçələrində qədimliklə müasirliyin elə bir təbii vəhdəti var ki, İçərişəhərin tarixi divarlarından kənara addım atan hər bir kəs özünü müasir sivilizasiyada hiss edir. Tarixi irsin qorunması ilə müasir şəhər planlaşdırılması arasındakı bu tarazlıq əcdadlarımızın böyük istedadının göstəricisidir.
Xüsusilə vurğulamaq lazımdır ki, Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişi ilə başlayan dövr şəhərsalma sahəsində intibah mərhələsi sayılır. Həmin illərdə respublikamızın müxtəlif bölgələrində sənaye mərkəzləri və yaşayış sahələri qurulub, şəhərlərin baş planları yenidən işlənib. Bakı ilə bərabər, Gəncə, Sumqayıt, Mingəçevir kimi mərkəzlərdə sosial layihələr və nəqliyyat şəbəkəsi genişləndirilib, yeni yaşayış massivləri salınıb. O vaxt yaradılan planlaşdırma və layihələndirmə sistemləri növbəti dövrlərdə şəhərsalma strategiyasının uğurla davam etdirilməsi üçün möhkəm zəmin yaradıb. Son 40-50 ildə respublikamızda icra olunan infrastruktur layihələri bəzi dövlətlərin əsrlər boyu keçdiyi yola bərabərdir və dünya üçün nümunə rolunu oynayır.
Bu gün şəhərsalma və məskunlaşma siyasəti ölkəmizin milli inkişaf proqramında əsas prioritetlərdən biridir. Prezident İlham Əliyevin rəhbərliyi altında paytaxtdan başlayaraq bütün regionları əhatə edən böyük yenidənqurma işləri aparılır. "Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı"nın mərkəzi ideyası çoxfunksiyalı və çoxmərkəzli inkişaf modelinin reallaşdırılmasıdır. Yollar, körpülər, metro stansiyaları və parklar bu planlı gələcəyə xidmət edir. Dövlətimizin başçısının qərarı ilə 2026-cı ilin ölkədə "Şəhərsalma və Memarlıq İli" elan olunması da keçmişimizdən bu günə ucalan və müasir görkəm alan tikinti mədəniyyətimizə, habelə bu sahənin dövlət siyasətinin nüvəsini təşkil etdiyinə verilən ali qiymətdir.
Respublikamızda aparılan irimiqyaslı quruculuq və abadlıq işlərində Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəaliyyəti müstəsna əhəmiyyət kəsb edir. Xüsusən, Heydər Əliyev Fondunun xətti ilə tarixi və mədəni abidələrin bərpası, məktəblərin, tibb müəssisələrinin, idman komplekslərinin və mədəniyyət ocaqlarının yenidən qurulması, mənəvi irsin qorunması və tanıdılması ümummilli hədəflərimizə böyük töhfələr verir.
Azərbaycanın işğaldan azad edilmiş bölgələrində tətbiq edilən yenidənqurma modelini beynəlxalq arenada qabaqcıl təcrübə kimi nümayiş etdirmək olar. 44 günlük Vətən müharibəsində qazanılan Zəfərdən sonra Ermənistanın 30 illik işğal dövründə xarabalığa çevirdiyi torpaqlarımızda hazırda ən son elmi-texnoloji yeniliklərlə həyat canlanır. Qarabağ və Şərqi Zəngəzurda aparılan şəhərsalma və məskunlaşma strategiyası ekoloji dayanıqlılıq, regionların ümumi iqtisadiyyata reinteqrasiyası və insan amili üzərində qurulub. Böyük qayıdış proqramı çərçivəsində 8 şəhərin baş planı təsdiqlənib, 101 məntəqənin şəhərsalma sənəd hazırlanıb. Bölgədə 3 müasir aeroport tikilib, geniş magistral və dəmir yolları çəkilib, çoxsaylı körpülər, tunellər və infrastruktur obyektləri istifadəyə verilib. Burada tətbiq edilən "ağıllı şəhər" və "ağıllı kənd" layihələri, eləcə də bu torpaqların "yaşıl enerji" regionuna çevrilməsi ekoloji reabilitasiyanın qabaqcıl nümunəsi kimi dünya birliyinin diqqətinə çatdırılır. Dünyada bu qədər qısa vaxtda belə nəhəng quruculuq işlərini gerçəkləşdirən ikinci bir dövlət tapmaq çətindir.
Qlobal miqyasda siyasi gərginliklərin, hərbi qarşıdurmaların, iqtisadi böhranların kəskinləşdiyi, beynəlxalq təhlükəsizlik sisteminin sınağa çəkildiyi dövrdə Azərbaycan mühüm beynəlxalq foruma evsahibliyi etməklə özünü etibarlı və təhlükəsiz məkan kimi növbəti dəfə təsdiqləyir. Birmənalı qeyd etmək olar ki, bu gün ölkəmiz gələcəyin şəhərlərinin qurulmasında intellektual mərkəzə və model ölkəyə çevrilməkdədir. Respublikamızın qlobal miqyasda irəli sürdüyü humanitar və infrastruktur təşəbbüsləri planetin gələcək inkişaf tempini müəyyənləşdirir. Azərbaycan öz keçmişinə sahib çıxmaqla bu günü ilə gələcəyin modern dünyasını inşa edir. Qarabağ və Şərqi Zəngəzurda sıfırdan ucalan şəhərlərimiz, yenidən canlanan yurd yerlərimiz Azərbaycan xalqının qurub-yaratmaq əzminin, dövlətimizin iqtisadi və siyasi qüdrətinin ən parlaq təntənəsidir.
İsmayıl QOCAYEV,
"Azərbaycan"