Natura meyvə şirələri və “Ümidlə Gəl” Xeyriyyə Cəmiyyətinin birgə əməkdaşlığı ilə fiziki məhdudiyyətli uşaqlar üçün pizza, rəsm, duluzçuluq və s. masterklassların təşkilinə start verilib.
Qəbələ Konserv Zavodu və Ümidlə Gəl Xeyriyyə Cəmiyyəti tərəfindən həyata keçirilən birgə sosial layihə çərçivəsində Natura meyvə şirələrinin dəstəyi ilə fiziki məhdudiyyətli uşaqlar üçün pizza, rəsm, duluzçuluq və s. masterklasslarına start verilib. Layihə çərçivəsində il sonunadək ümumilikdə 500 uşağın müxtəlif vaxtlarda təşkil olunan masterklasslarda iştirakı nəzərdə tutulur.
Keçirilən ilk masterklass zamanı uşaqlar pizza hazırlanmasının mərhələləri ilə yaxından tanış olub, öz pizzalarını hazırlayaraq maraqlı və əyləncəli vaxt keçiriblər. Tədbir iştirakçıları həm yeni bacarıqlar əldə edib, həm də birgə fəaliyyətlər vasitəsilə ünsiyyət və komanda işi təcrübəsi qazanıblar.
Layihənin əsas məqsədi fiziki məhdudiyyətli uşaqların sosial inteqrasiyasına dəstək olmaq, onların gündəlik həyatına sevinc qatmaq və özlərini daha rahat ifadə edə biləcəkləri mühit yaratmaqdır. Masterklasslar zamanı uşaqların maraq və ehtiyaclarına xüsusi diqqət göstərilir, onlar üçün təhlükəsiz və səmimi atmosfer formalaşdırılır.
İlin sonunadək davam edəcək tədbirlər çərçivəsində uşaqlar müxtəlif qruplar şəklində masterklasslara qatılacaq, proseslərdə yaxından iştirak edəcək və yeni dostluqlar qurmaq imkanı əldə edəcəklər. Layihə uşaqların sosial aktivliyinin artırılmasını və onlarda özünəinam hissinin güclənməsini hədəfləyir.
Novex Group-a daxil olan Qəbələ Konserv Zavodu sosial məsuliyyət istiqamətində həyata keçirdiyi layihələrlə cəmiyyət üçün faydalı təşəbbüslərə dəstəyini davam etdirir və gələcəkdə də uşaqların inkişafına yönəlmiş layihələrdə aktiv iştirak etməyi planlaşdırır.









