AZ

NYT: Tramp və ailəsinə “ömürlük” vergi toxunulmazlığı verilib...

ABŞ Ədliyyə Nazirliyinin gizli şəkildə razılaşmaya əlavə etdiyi müddəa ciddi hüquqi mübahisələrə səbəb olub...

Poliqon xəbər verir ki, The New York Times nəşrinin yaydığı məlumata görə, ABŞ Ədliyyə Nazirliyi Prezident Donald Trump, onun ailə üzvləri və şirkətlərinə qarşı hazırda aparılan vergi araşdırmaları ilə bağlı xüsusi toxunulmazlıq təqdim edib.

Məlumata əsasən, bu müddəa 1,8 milyard dollarlıq kompensasiya fondunun yaradılmasını nəzərdə tutan geniş razılaşmaya əlavə olaraq daxil edilib. Bildirilir ki, fond əsasən Trampın müttəfiqlərinə yönəlib və sənədə əlavə edilən xüsusi bənd prezidentin ailəsini və şirkətlərini gələcək vergi yoxlamaları və mümkün cinayət təqiblərindən qorumağı nəzərdə tutur.

Nəşrin iddiasına görə, ABŞ-ın müvəqqəti baş prokuroru Todd Blanche tərəfindən imzalanmış bir səhifəlik sənəddə hökumətin Tramp, onun ailə üzvləri və şirkətlərinə qarşı vergi məsələləri üzrə məhkəmə iddiaları qaldırmasının və hüquqi təqib aparmasının “əbədi olaraq qadağan ediləcəyi və mümkünsüz olacağı” qeyd olunub.

Sənədin üzə çıxmasından sonra ABŞ-də hüquq və vergi ekspertləri arasında ciddi narazılıq yaranıb. Bir sıra mütəxəssislər belə bir hüquqi təminatın ABŞ qanunvericiliyinə zidd ola biləcəyini və konstitusion baxımdan mübahisəli xarakter daşıdığını bildiriblər.

Ekspertlərin fikrincə, iddialar təsdiqlənərsə, bu qərar ABŞ tarixində prezident və onun ailəsinə verilən ən geniş hüquqi və maliyyə toxunulmazlıqlarından biri kimi qiymətləndirilə bilər. Hazırda məsələ ilə bağlı həm siyasi dairələrdə, həm də hüquq ictimaiyyətində müzakirələr davam edir.

Poliqon.info

Seçilən
67
poliqon.info

1Mənbələr