AZ

ABŞ-də neft bazarında 800 milyon dollarlıq şübhəli əməliyyatlar araşdırılır

Trampın Tehranla bağlı paylaşımından bir neçə dəqiqə əvvəl baş verən iri həcmli ticarət əməliyyatları ABŞ tənzimləyicilərinin diqqətini cəlb edib...

Poliqon xəbər verir ki, The Wall Street Journal nəşrinin yaydığı məlumata görə, ABŞ Prezidenti Donald Trump martın 23-də İranın enerji infrastrukturuna zərbələrin təxirə salınması ilə bağlı sosial şəbəkədə paylaşım etməzdən cəmi bir neçə dəqiqə əvvəl neft bazarında qeyri-adi ticarət aktivliyi qeydə alınıb.

Məlumata əsasən, qeyri-iş saatlarında ABŞ və beynəlxalq birjalarda bir neçə dəqiqə ərzində ümumi dəyəri 800 milyon dollardan çox olan neft fyuçers əməliyyatları həyata keçirilib. LSEG tərəfindən təqdim edilən məlumatlarda həmin müddətdə bazarda kəskin həcmdə alış-satış əməliyyatlarının baş verdiyi göstərilib.

Bildirilir ki, vaxtında edilən bu əməliyyatlardan düzgün mövqe tutan treyderlər böyük qazanc əldə ediblər. Trampın paylaşımından sonra neft qiymətləri 13 faizə qədər ucuzlaşıb və nəticədə ən azı beş şirkət həmin gün aldıqları və satdıqları neft fyuçerslərindən 5 milyon dollar və daha çox gəlir əldə edib.

Məsələ ilə bağlı ABŞ-ın Əmtəə Fyuçers Ticarəti Komissiyası — Commodity Futures Trading Commission geniş araşdırmaya başlayıb. Məlumata görə, qurum ticarət həcmlərindəki qəfil sıçrayışın mümkün insayder məlumatlarla əlaqəli olub-olmadığını araşdırır.

Mənbələrin bildirdiyinə görə, tənzimləyici orqan Trampın martın 23-dəki paylaşımı barədə əvvəlcədən məlumatı olan şəxslərin bundan maliyyə qazancı əldə etmək üçün istifadə edib-etmədiyini müəyyənləşdirməyə çalışır. Eyni zamanda, həmin məlumatın üçüncü şəxslərə ötürülməsi ehtimalı da araşdırılır.

Ekspertlər hesab edirlər ki, iddialar təsdiqlənərsə, bu hadisə son illərdə enerji bazarında mümkün insayder ticarəti ilə bağlı ən səs-küylü araşdırmalardan birinə çevrilə bilər.

Poliqon.info

Seçilən
38
poliqon.info

1Mənbələr