AZ

Azərbaycanda kişilər bu problemi gizlədir Evləndikdən sonra daha da artır

ain.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanda kişilərin psixoloji çətinliklərini gizlətməsi təkcə fərdi səviyyədə qalan məsələ deyil, bu davranış zamanla ailə münasibətlərinin strukturuna da təsir göstərir. Cəmiyyətdə emosional problemlərin ifadəsinin zəiflik kimi qəbul edilməsi kişiləri daha çox susmağa və daxili gərginliyi özündə saxlamağa sövq edir. Bu isə illər ərzində yığılan psixoloji yükün ailə daxilində davranışlara, ünsiyyətə və emosional mühitə mənfi şəkildə yansımasına səbəb olur.Məsələ ilə bağlı psixoloq Elnur Rüstəmov Demokrat.az-a bildirib ki, Azərbaycanda insanlar uzun illər psixoloji çətinliklərini gizlətməyə, onları şəxsi zəiflik kimi qəbul etməyə və “özüm həll edərəm” düşüncəsi ilə yaşamağa meylli olublar:"Bu yanaşma ilk baxışda problemi ört-basdır etsə də, əslində həmin gərginlik zamanla ailədaxili münasibətlərə, valideyn övlad əlaqələrinə və insanın ümumi həyat keyfiyyətinə ciddi təsir göstərir. Çünki psixoloji problem gizləndikcə yox olmur, sadəcə formasını dəyişərək davranışlarda özünü göstərməyə başlayır.Ən çox müşahidə olunan nəticələrdən biri emosional uzaqlaşmadır. İnsan daxilində yaşadığı stressi, təşvişi və depressiv vəziyyəti ifadə edə bilməyəndə ailə üzvləri ilə münasibətdə daha aqressiv, daha soyuq və ya daha qapalı olur. Bəzən qarşı tərəf bunun səbəbini anlamır və məsələni “mənə qarşı münasibət dəyişib” kimi qəbul edir. Halbuki problem münasibətdə deyil, insanın daxili psixoloji yükündə olur".Psixoloq deyib ki, digər ciddi məsələ ailədaxili konfliktlərin artmasıdır:"Uzun müddət yığılan emosiyalar bir nöqtədən sonra kiçik hadisələr zamanı partlayış formasında üzə çıxır. İnsan gündəlik həyatda əsl səbəbə görə deyil, yığılmış psixoloji gərginliyə görə reaksiya verir. Bu isə evdə davamlı mübahisələrə, anlaşılmazlıqlara və emosional yorğunluğa səbəb olur. Xüsusilə iqtisadi çətinlik, iş stresi və sosial təzyiq fonunda psixoloji problemlərin gizlədilməsi ailə münasibətlərini daha kövrək hala gətirir.Burada uşaqların psixoloji inkişafı da xüsusi diqqət tələb edir. Uşaqlar ailədə baş verən emosional atmosferi çox həssas şəkildə hiss edirlər. Valideyn öz narahatlığını ifadə etməsə belə, uşağın təhlükəsizlik hissi zəifləyə bilir. Davamlı gərgin mühitdə böyüyən uşaqlarda qorxu, özünəqapanma, aqressiv davranış, məktəb motivasiyasının azalması və hətta gələcək münasibətlərdə emosional çətinliklər yaranır.Yəni gizlədilən psixoloji problem təkcə bir insanın deyil, bəzən bütöv ailə sisteminin psixoloji sağlamlığına təsir edir.Azərbaycan cəmiyyətində bir məsələ də var ki, insanlar çox zaman psixoloqa müraciəti “dəli olmaq” kimi yanlış stereotiplərlə əlaqələndirirlər. Halbuki müasir dünyada psixoloji dəstək almaq şəxsi inkişafın, emosional savadlılığın və sağlam münasibət qurma bacarığının göstəricisi hesab olunur. Necə ki, insan fiziki ağrısı olduqda həkimə müraciət edir, eyni şəkildə emosional ağrı zamanı da mütəxəssis dəstəyi normal qəbul edilməlidir".Onun sözlərinə görə, Dünya Səhiyyə Təşkilatının müxtəlif hesabatlarında da göstərilir ki, uzunmüddətli stress və həll olunmamış emosional problemlər ailə münasibətlərində konflikt riskini, emosional tükənməni və psixosomatik xəstəlikləri artırır:"Müasir dövrdə artıq psixoloji sağlamlıq ailə rifahının əsas komponentlərindən biri hesab olunur. Mən hesab edirəm ki, bu istiqamətdə ən vacib məsələ psixoloji maarifləndirmənin gücləndirilməsidir. İnsanlar anlamalıdır ki, psixoloji problemi gizlətmək güclü olmaq demək deyil. Əsl güc insanın öz vəziyyətini qəbul etməsində, yardım istəyə bilməsində və dəyişmək üçün addım atmasındadır. Sağlam ailənin təməlində yalnız maddi təminat deyil, emosional təhlükəsizlik, qarşılıqlı anlayış və psixoloji sağlamlıq dayanır",- deyə o qeyd edib. Əfsanə Kamal

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
28
demokrat.az

1Mənbələr