ain.az bildirir, Demokrat.az portalına istinadən.
Mənzillərdə baş verən qəfil partlayışlar və bədbəxt hadisələr təkcə episentr sayılan evə deyil, dalğa effekti ilə ətrafdakı qonşu mənzillərə də ciddi maddi ziyan vurur. Belə böyükmiqyaslı qəzalardan sonra divarların uçması, qapı-pəncərələrin dağılması və əmlakın yararsız hala düşməsi fonunda ən ağrılı məsələ ziyanın kim tərəfindən və hansı vəsait hesabına qarşılanacağıdır. Cavab isə hadisənin başvermə səbəblərindən, təqsirkar tərəfin kimliyindən və mənzil sahiblərinin sığorta müqavilələrinin olub-olmamasından birbaşa asılıdır.Məsələ ilə bağlı sığorta eksperti İlkin Nəcəfov Demokrat.az-a bildirib ki, ziyan dəymiş evin icbari əmlak sığortası varsa, dəymiş ziyan həmin sığorta çərçivəsində qarşılanır:"Lakin əgər qonşuda baş verən partlayış nəticəsində sizin evinizə ziyan dəyibsə, bu halda qonşunun sığortası birbaşa sizin ziyanı kompensasiya etmir. Yəni sizin evə görə ayrıca ödəniş hüququ yaranmır.
Qonşunun öz evinə dəyən ziyan isə onun icbari əmlak sığortası varsa, həmin sığorta tərəfindən qarşılanır.Eyni qayda ilə, əgər partlayış qonşuda baş veribsə və sizin icbari daşınmaz əmlak sığortanız mövcuddursa, sizin sığorta şirkəti sizə dəyən ziyanı ödəyir. Daha sonra isə günahkar tərəf müəyyən olunduğu halda, sığorta şirkəti subroqasiya qaydasında ona qarşı reqres iddiası qaldıraraq ödədiyi məbləği həmin şəxsdən tələb etmək hüququna malik olur. Beləliklə, sığorta sistemi həm zərərçəkənin müdafiəsini, həm də ədalətli məsuliyyət bölgüsünü təmin etmiş olur",- deyə o qeyd edib.Yəni, mənzildə partlayış olub qonşulara ziyan dəyərsə, hər kəsin ziyanını öz icbari sığortası qarşılayır, daha sonra isə sığorta şirkətləri ödədikləri pulları məhkəmə yolu ilə hadisəyə səbəb olan günahkar tərəfdən geri tələb edir.Əfsanə Kamal
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.