Ukrayna ABŞ silahlarının və hava hücumundan müdafiə (HHM) sistemlərinin davamlı tədarükündən asılıdır.
Redaktor.az xəbər verir ki, bunu NATO-nun Baş katibi Mark Rütte NATO ölkələrinin XİN rəhbərlərinin 21-22 may tarixlərində İsveçdə keçiriləcək görüşü ərəfəsində Brüsseldə təşkil olunmuş mətbuat konfransında bəyan edib.
"Ukrayna ABŞ silahlarının, ilk növbədə PURL proqramı çərçivəsində tədarük edilən raket əleyhinə müdafiə sistemlərinin davamlı axını olmadan sağ qala bilməz", - deyə o bildirib.
Ukrayna Prezidenti Ofisi rəhbərinin müavini İqor Jovkvanın sözlərinə görə, hazırda Ukraynaya dəstək məqsədli PURL proqramına təxminən 5,5 milyard dollar cəlb edilib.
Mayın 6-da Ukrayna lideri Volodimir Zelenski Norveç tərəfindən PURL təşəbbüsü vasitəsilə Ukrayna Silahlı Qüvvələrinə təxminən 300 milyon dollar ayrıldığını açıqlayıb. O dəqiqləşdirib ki, PURL çərçivəsində Norveçdən gələn ümumi yardımın məbləği artıq 1,2 milyard dollardan çoxdur və bu, proqrama qoşulan bütün ölkələr arasında ən böyük töhfədir.
Xədicə BAXIŞLI