AZ

Binaların iqlim dəyişikliyinə uyğunlaşdırılması tikinti sənayesinin əsas çağırışlarından birinə çevrilir - "Saint-Gobain"

Binaların iqlim dəyişikliyinə uyğunlaşdırılması və şəhər mühitinin dayanıqlığının artırılması məsələsi tikinti sənayesinin əsas çağırışlarından birinə çevrilir.

Olaylar.az xəbər verir ki, bunu Fransanın "Saint-Gobain" şirkətinin dayanıqlı inkişaf üzrə vitse-prezidenti Emmanuel Norman Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu çərçivəsində əlçatan mənzil maliyyələşdirilməsi məsələlərinə həsr olunmuş işgüzar dəyirmi masada çıxışı zamanı deyib.

O, çıxışında "Bouygues" şirkətinin dayanıqlı tikintiyə həsr olunmuş illik qlobal araşdırmasının nəticələrinə istinad edib.

Onun sözlərinə görə, tikinti sənayesindən 4 800 nümayəndəni və 30 ölkədən 30 min vətəndaşı əhatə edən sorğunun nəticələrinə əsasən, dayanıqlı tikinti konsepsiyası ilə bağlı məlumatlılıq səviyyəsi yüksək olaraq qalır: iştirakçıların 94 faizi bu barədə ən azı eşidib, 67 faizi isə mövzunu aydın şəkildə başa düşdüyünü bildirib.

"Araşdırma göstərir ki, məlumatlılıqla praktiki tətbiq arasında ciddi fərq mövcuddur. Peşəkarların yalnız 30 faizi artıq dayanıqlı tikinti layihələrini həyata keçirir, 55 faizi isə onların tətbiqini planlaşdırır. Yerli hakimiyyət orqanlarının 86 faizi dayanıqlılığı dövlət satınalmalarında mühüm meyar hesab etsə də, yalnız 20 faizi bu tələblərə cavab verməyən layihələrdən artıq imtina edib. İqlim risklərinə ən çox məruz qalan regionlarda dayanıqlılıq anlayışı getdikcə dayanıqlı tikintinin tərifinin bir hissəsinə çevrilir. Məsələn, Afrikada respondentlərin 42 faizi, Yaxın Şərqdə isə 41 faizi dayanıqlı tikintini obyektlərin təbii və iqlim təhdidlərinə davam gətirmək qabiliyyəti ilə əlaqələndirir", - deyə o qeyd edib.

Qeyd edək ki, bu gün Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) dördüncü günü keçirilir. BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə keçirilən forumun bugünkü proqramı urbanizasiya, iqlim dəyişiklikləri, inklüziv şəhər inkişafı, mənzil siyasəti və dayanıqlı idarəetmə mövzularına həsr olunub.Dördüncü gün çərçivəsində "Qeyri-rəsmi yaşayış məntəqələrinin və gecəqonduların transformasiyası", "İqlim və mənzil əlaqəsi", "Şəhərlərdən səslər: SPECA Şəhərlər Forumu", "Azərbaycanın mənzil təcrübəsi", "Şəhərlər oyun meydanı kimi", "Mədəni irsin yenidən düşünülməsi və inklüziv şəhər regenerasiyası", "Təmiz hava", "Əlilliyi olan şəxslər", "Parlamentarilər", "Tullantıların idarə olunmasının dairəvi iqtisadiyyata uyğun inkişafı" və "Şəhər iqlim irsinin inkişafı" mövzularında dialoqlar, xüsusi sessiyalar və dəyirmi masalar keçiriləcək.

Forum iştirakçıları urbanizasiya proseslərinin sosial inklüzivlik, yaşıl iqtisadiyyat və iqlim dayanıqlılığı prinsipləri əsasında inkişaf etdirilməsinin vacibliyini qeyd ediləcək. Sessiyalarda həmçinin şəhərlərin gələcək inkişafında innovativ həllər, təmiz enerji, dayanıqlı nəqliyyat və rəqəmsal texnologiyaların rolu geniş müzakirə olunacaq.WUF13-ün üçüncü günü də geniş tədbirlər proqramı ilə yadda qalıb. Həmin gün qlobal mənzil böhranı, təhlükəsiz və inklüziv şəhərlərin formalaşdırılması, iqlim dayanıqlılığı, süni intellekt və şəhər idarəçiliyi, yaşıl urbanizasiya, sosial bərabərlik və dayanıqlı nəqliyyat kimi mövzular ətrafında müzakirələr aparılıb.

Üçüncü gün çərçivəsində xüsusi diqqət çəkən hadisələrdən biri Azərbaycanın Şuşa şəhəri ilə Türkiyənin Trabzon şəhəri arasında qardaşlaşma haqqında memorandumun imzalanması olub.Sənədi Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov və Ahmet Metin Genç imzalayıblar.Memorandum iki şəhər arasında şəhərsalma, mədəniyyət, turizm və yerli idarəetmə sahələrində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.

Forumun ilk iki günü də yüksək səviyyəli tədbirlər və müzakirələrlə müşayiət olunub.İlk gün Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər toplantısı, nazirlərin dəyirmi masası, qadınlar və vətəndaş cəmiyyəti assambleyaları, biznes sessiyaları və şəhər rifahı ilə bağlı müzakirələr keçirilib. Eyni zamanda, BMT və Azərbaycan bayraqlarının qaldırılması mərasimi təşkil olunub.İkinci gün isə ilk dəfə təşkil edilən Liderlər Sammiti ilə diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya siyasəti və şəhər dayanıqlılığı ilə bağlı yüksək səviyyəli müzakirələr aparılıb. WUF13 çərçivəsində Mexiko şəhərinin pavilyonunun açılışı da baş tutub və bu platforma Latın Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə hazırlıq baxımından mühüm addım kimi qiymətləndirilib.

182 ölkədən 40 mindən artıq iştirakçının qeydiyyatdan keçdiyi WUF13 mayın 22-dək davam edəcək. "Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri" mövzusuna həsr olunmuş forum hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirərək dayanıqlı şəhər inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsinə xidmət edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
34
7
olaylar.az

10Mənbələr