Bakı, 20 may, AZƏRTAC
Qırğız Respublikasının ərazisinin seysmik təhlükəliliyi səkkiz, doqquz və doqquzdan yuxarı ballıq intensivlik zonaları ilə xarakterizə olunur. Ölkənin böyük hissəsi yüksək seysmik təhlükə zonalarına aid edilir ki, bu da bütün tikinti obyektlərinin layihələndirilməsi zamanı seysmik təsirlərin mütləq nəzərə alınmasını tələb edir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Qırğızıstanın tikinti, memarlıq, mənzil və kommunal xidmətlər nazirinin müavini Talantbek Imanakun Ulu BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Şəhər zəlzələsinə hazırlığın gücləndirilməsi: Daha təhlükəsiz və daha davamlı şəhərlər üçün BMT-nin həlləri” adlı tədbirdə çıxışı zamanı səsləndirib.
Nazir müavini bildirib ki, Qırğızıstan Avrasiya İqtisadi İttifaqına qoşulduqdan sonra ölkə dövlətlərarası standartların tətbiqinə və milli normativ bazanın müasir beynəlxalq tələblərlə uyğunlaşdırılmasına başlayıb: "Ölkədə layihələndirmədən tutmuş obyektlərin istismara verilməsinədək tikinti fəaliyyətinin bütün mərhələlərini tənzimləyən normativ baza formalaşdırılıb. Bu sistemin əsasını şəhərsalma sahəsində qanunvericilik və texniki tənzimləmə təşkil edir ki, bunlar da binaların təhlükəsizliyi ilə bağlı ümumi tələbləri müəyyən edir. Əsas sənəd “Bina və qurğuların təhlükəsizliyi haqqında Texniki Reqlament”dir. Bu sənəddə obyektlərin möhkəmliyi, dayanıqlılığı və etibarlılığı ilə bağlı tələblər, o cümlədən seysmik yüklərin məcburi şəkildə nəzərə alınması təsbit olunub".