AZ

WUF13 ün dünya birliyi naminə milli müasir şəhərlərə töhfəsi

ain.az bildirir, Yeniazerbaycan portalına istinadən.

Dünyada 200-ə yaxın müstəqil ölkə vardır. Onlar əhalisinin sayına, ərazisinə, demoqrafik vəziyyətinə, iqtisadi durumuna, ictimai-siyasi formalaşmalarına görə bir-birilərindən həm fərqlənirlər, həm də ortaq cəhətləri onları birləşdirir. Dünyada yaşayan insanların, mədəniyyətlərin, maddi imkanların və sosial siniflərin fərqi dünyanın zənginliyi kimi qəbul oluna bilər. Əsas məsələ dünya əhalisinin təşkil etdiyi xalqların fərqliliklərini  zənginlik kimi qəbul etmək və onların inkişafına töhfə verməkdir. Məhz bu səbəbdən də sülh və əməkdaşlıq yeni dünya nizamının əsas şüarı olmalıdır.

Böyük dövlət olmaq yalnız hərbi, siyasi və iqtisadi güclə deyildir. Müasir dünyada “böyüklük” anlayışı əhalinin və ərazinin miqyası ilə ölçülmür. Hətta bəzən böyük miqyas ölkələr üçün ciddi problemlər yaradır. Yalnız öz məsələlərinin həllinə deyil, dünyanın bir çox probleminə dəstək olmaq, ölkələri bir yerə toplamaq, həmrəylik yaratmaq ölkənin böyüklüyünün təzahürüdür. Azərbaycan dünyada sosial bərabərliyi, ədaləti qoruyan, dünya birliyinə xidmət edən ölkələrdəndir. Baxmayraq ki, ölkəmiz uzun illər ədalətsizliyə, ikili standartlara məruz qalmışdır. Biz söz sahibi kimi yalnız öz regionumuzda deyil, bütün dünya miqyasında böyük hörmətə malikik.

Azərbaycan dünyada yüksək səviyyəli tədbirlərin mahir təşkilatçısı kimi çıxış edir. Artıq 10 ildən çoxdur ki, bir çox idman, mədəni - kütləvi tədbirlər ölkəmizdə keçirilir. Mədəni- kütləvi tədbirləri son illər daha çox siyasi və iqtisadi yönümlü tədbirlər əvəz etməyə başlamışdır. Bu gün Azərbaycan öz milli sərvətlərini milli maraqlarının əsas sütunu kimi dəyərləndirir. Dünyada ən etibarlı enerji təminatçısı kimi çıxış edən ölkəmiz bu sahəyə diqqət ayıran əsas ölkələrdəndir. Ölkəmizdə həyata keçirilən siyasiyönümlü beyin mərkəzlərinin görüşlərinin, forumlarının keçirilməsi, ümumdünya miqyasında problemlərin ölkəmizdə müzakirə olunması, həll yollarının tapılması dövlətimizin və xalqımızın nüfuzunun bariz nümunəsidir.

2024-cü ildə COP29 kimi böyük tədbirdən sonra 2026-cı ildə WUF13 BMT səviyyəsində meqa bir tədbirin Azərbaycanda keçirilməsi həm böyük etimad, həm də dünya əhalisinə verdiyimiz dəyərin ifadəsidir. Axı ölkəmiz bir çox taleyüklü məsələlərdə dünya əhalisini müdafiə edən bəyanatlar ilə yanaşı, əməli addımlar da atmışdır. Məsələn, Covid19 zamanı peyvəndlərin bütün dünya əhalisinə bərabər paylanması, Ukraynada baş verən müharibədə əziyyət çəkən günahsız insanların fiziki, psixoloji bərpası prosesinə güclü dəstək, müstəmləkəçilik siyasətinə sarsıdıcı siyasi, mənəvi zərbələrin vurulması, dünyanın əks qütblərinin Azərbaycanda ortaq “dil tapması” kimi bir çox töhfələrin ölkəmiz tərəfindən verilməsi bizə olan etimadı, inamı artırdı.

Güclü lider amili bizim kimi ölkələrin yerləşdikləri regionların taleyini həll edən əsas məsələdir. Azərbaycan Prezidenti, YAP-ın sədri cənab İlham Əliyevin dünyada sayılıb-seçilən liderlərdən olması, ona və sözünə olan etimad Azərbaycana hər zaman başucalığı gətirmişdir. Xüsusi ilə də Vətən müharibəsindən sonra Azərbaycanın öz suveren ərazilərini tam bərpa etməsi və müharibədən dərhal sonra sülh carçısı kimi dünya əhalisinə açıq ismarıclar verməsi və əməli addımlar atması dünyada olan etimadımızı və etibarımızı daha da artırdı.

WUF13 ölkəmizin tarixində baş tutan COP29-dan sonra ən böyük ikinci tədbirdir. COP29 daha çox iqlim dəyişiklikləri, yaşıl enerji və ekoloji təhlükəsizlik məsələlərinin müzakirəsi baxımından əhəmiyyət daşıyırdısa, Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası urbanizasiya, dayanıqlı şəhər inkişafı, postmünaqişə bərpası və müasir şəhərsalma modellərinin gələcəyinə dair qlobal baxışların formalaşdırıldığı mühüm beynəlxalq platforma kimi xüsusi əhəmiyyət kəsb edir. Bugünlərdə ölkəmizdə keçirilən WUF13-də 182 ölkədən 42 mindən artıq qonaq iştirak edir. Bu rəqəm bu tədbirin tarixində ən böyük saydır.

WUF13 yalnız beynəlxalq müzakirə platforması deyil, həm də Azərbaycanın uğurlarının dünyaya təqdim olunduğu mühüm qlobal tribuna rolunu oynayır. Çox məmnunedici və qürurverici haldır ki, bu gün dünyanın ən nüfuzlu şəhər salanları, dövlət və hökümət başçıları bələdiyyə sədrləri, şəhər merləri öz təcrübələrini məhz Azərbaycanın paytaxtında bölüşürlər.

Bir çox şəhərlərlə bağlı qlobal problemlərin həlli yolları da forum çərçivəsində keçirilən sessiyalarda dilə gətirilir. Dünyanın müxtəlif ölkələrindən gələn dövlət rəsmiləri və beyin mərkəzlərinin rəhbərləri Azərbaycanın multikulturalizm prinsiplərinə sadiqliyini, sabitlik və təhlükəsizlik adası olduğunu öz gözləri ilə görürlər.

WUF13-ün Bakıda keçirilməsi ölkəmizə həm siyasi, həm iqtisadi, həm də urbanizasiya baxımından çoxşaxəli və mühüm dividendlər vəd edir. Belə böyük tədbirlərin ölkəmizdə keçirilməsi bir çox istiqamətdən dövlətimizin, xalqımızın inkişafı və tanıdılması üçün vacibdir. Bu, ölkəmizin beynəlxalq nüfuzunun artırılması və haqlı mövqeyinin dünya ictimaiyyətinə bir daha çatdırılması üçün unikal imkandır. Lakin eyni zamanda da ölkəmizin fiziki gözəlliklərinin, turizim imkanlarının dünyaya ixrac olunması nöqteyi-nəzərindən də yaxşı fürsətdir.

Heç kimə sirr deyil ki, Azərbaycan və onun Prezidentinin atdığı hər bir addım məhz milli maraqlardan qaynaqlanır, milli maraqlara söykənir. Dövlət siyasətimizdə təsadüflərə yer yoxdur. Əgər bu qədər böyük miqyaslı bir tədbir keçirilirsə, mütləq ölkəmizin gələcək inkişafına öz töhfəsini verməlidir. Belə ki, Azərbaycan öz torpaqlarını işğaldan tam azad etdikdən sonra yenidənqurma, bərpa və “Böyük Qayıdış” prosesinə sürətlə başlamışdır. On minlərlə insan ötən 6 il ərzində öz ata-baba yurdlarına qayıtmışlar. Bu mürəkkəb, çoxşaxəli, müxtəlif spektorlu prosesi həm dünya ictimaiyyətinin diqqətinə çatdırmaq, həm də dünyada mövcud şəhərsalma təcrübələrindən faydalanmaq üçün BMT-nin Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 13-cü Sessiyasından daha yaxşı bir platforma yəqin ki, yoxdur. Bu qlobal platformada əldə edilən məlumat və təcrübə həm də yeni şəhərsalma layihələri üçün vacib bir istinad nöqtəsi olacaqdır.

WUF13-də Azərbaycanın dünyaya təqdim etdiyi ən böyük töhfə - Qarabağ və Şərqi Zəngəzurun yenidənqurma modelidir. WUF13 platformasından Azərbaycan Prezidentinin dünyaya verdiyi bəyanatlar həm siyasi, həm də humanitar xarakter daşıyır. “Biz Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik” deyən dövlət başçımız öz çıxışında haqlı olaraq bir daha vurğulamışdır ki, müasir şəhərsalma sadəcə binaların ucaldılmasından ibarət deyil.  Bu proses cəsarət, siyasi iradə və ekoloji məsuliyyət tələb edir. Yəni, şəhərlər əslində aid olduqları xalqların, cəmiyyətlərin xarakterlərini, xüsusiyyətlərini, baxış bucaqlarını özlərində ehtiva edirlər.

Məhz bu məqamda otuz illik işğal dövründə tamamilə yerlə-yeksan edilmiş, “ruhlar şəhəri”nə çevrilmiş yaşayış məskənlərinin sıfırdan bərpası dünya şəhərsalma tarixində analoqu olmayan bir təcrübədir. İşğal dövründə özlərinə aid olmayan, işğal olunmuş torpaqları məhv edən bir cəmiyyət kimi tarixə “yazılan” Ermənistanın revanşist, faşist ünsürləri yalnız insanlara deyil, o insanların ruhlarının ifadəsi olan şəhərlərə qarşı da genosid törətmişlər. İndi digərlərindən fərqli olaraq Azərbaycan azad olunmuş torpaqlarda bərpa prosesini heç bir dövlətdən və fonddan pul, kredit almadan öz hesabına həyata keçirir. Bunu bütün dünya bilməlidir. Bu amil Azərbaycanın beynəlxalq arenada siyasi nüfuzunu artıran faktordur.

Əgər mövzunu ümumilləşdirsək, deyə bilərik ki, tərəfimizdən keçirilən hər bir beynəlxalq tədbir ölkəmizin siyasi nüfuzunu müəyyən edən əsas məqamları özündə cəmləşdirir. WUF13 tədbirinin Azərbaycanda keçirilməsi həm ölkəmizin dünya əhalisinə, həm də beynəlxalq arenanın Azərbaycan xalqına verdiyi divident və töhfələrlə yadda qalacaq. Azərbaycan öz humanist, sülhsevən mövqeyini yenidənqurma və “Böyük Qayıdış” prosesində əks etdirə bilmişdir. Prezident İlham Əliyevin WUF13-də səsləndirdiyi mesajlar bir daha nümayiş etdirdi ki, Azərbaycan dağıntılar üzərində nifrət deyil, insanlığa sevgi əsasında inkişaf qurur, viranə qalmış torpaqlarda isə intiqam deyil, layiqli həyat yaradır.

Vüqar Seyidov

YAP Suraxanı rayon təşkilatının sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
36
yeniazerbaycan.com

1Mənbələr