AZ

Amin Məmmədov: "Su təchizatı və kanalizasiya sistemində görülməli işlər çoxdur"

"Bakının inkişafı tarix boyu su təminatı ilə sıx bağlı olub".

 

Oxu.Az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədr müavini Amin Məmmədov Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində təşkil olunan "Su mərkəzli ərazi inkişafı: Azərbaycan, Kolumbiya və Latın Amerikasının dayanıqlı və inklüziv yaşayış mühiti təcrübəsi" mövzusunda sessiyada deyib.

 

O bildirib ki, XIX əsrin ortalarında Bakıda neft ehtiyatlarının kəşfi şəhərin sürətlə böyüməsinə səbəb olub. Lakin qısa müddət sonra artan əhalinin içməli su ilə təmin olunmasının əsas çağırışa çevrildiyi aydınlaşıb.

 

A.Məmmədovun sözlərinə görə, hələ 1917-ci ildə yerli milyonçular şəhərdən 170 kilometr məsafədən Bakıya su gətirmək üçün boru xətti çəkiblər. Sovet dövründə əlavə su mənbələri yaradılsa da, bunlar artan tələbatı tam ödəməyib.

 

O qeyd edib ki, 2000-ci illərin əvvəllərində Bakının su ehtiyacını qarşılamaq üçün şəhərdən 160 kilometr uzaqda yeni su mənbəyi müəyyənləşdirilib və paytaxta yeni magistral kəmər çəkilib.

 

"Su təchizatı və kanalizasiya sisteminin yenilənməsi milyardlarla dollar investisiya tələb edib. Bununla belə, bu sahədə görülməli işlər hələ də çoxdur", - deyə o vurğulayıb.

 

A.Məmmədov əlavə edib ki, Bakı inkişafını davam etdirdikcə gələcək nəsillərin təmiz su və sanitariya xidmətlərinə çıxışının təmin olunması üçün davamlı investisiyalar vacibdir.

 

Onun fikrincə, su mərkəzli şəhərsalma yalnız memar və şəhərsalma mütəxəssislərinin deyil, həm də mühəndislərin, və beynəlxalq ekspertlərin birgə fəaliyyətini tələb edir.

Tarix: 20 May 2026, 17:47   
Seçilən
15
pravda.az

1Mənbələr