Ankara, 20 may, AZƏRTAC
Türkiyə NATO-nun şərq cinah müttəfiqlərinə Alyansın fasiləsiz yanacaq təchizatını təmin etmək məqsədilə boru kəməri layihəsini həyata keçirməyi təklif edib.
AZƏRTAC Türkiyə Milli Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, yanacaq kəməri layihəsi razılaşdırma mərhələsindədir.
Nazirlik İran ətrafında gərginliyin artması fonunda təşəbbüsün əhəmiyyətini vurğulayıb. Bu, nəticədə Alyansın Hörmüz boğazı da daxil olmaqla dəniz enerji təchizatından asılılığını azaldacaq.
Nazirlik qeyd edib ki, yanacaq boru kəməri layihəsi alternativlərdən beş dəfə ucuzdur və təsdiqlənərsə, ən qısa müddət ərzində həyata keçirilə bilər.
“Bununla da müttəfiq ölkələrin töhfələri hesabına formalaşdıran NATO fondları daha rasional və effektiv şəkildə istifadə olunacaq. Güclü və təcrübəli ordusu, inkişaf etmiş infrastrukturu, inkişaf etmiş müdafiə sənayesi və Avropa, Qara dəniz, Qafqaz, Yaxın Şərq arasında mühüm geosiyasi mövqeyi ilə Türkiyə regional təhlükəsizlik məsələlərində əvəzolunmaz müttəfiq olaraq qalır”, - deyə rəsmi Ankara bildirib.
Bu arada, bir neçə media orqanı yeni boru kəmərinin tikintisinin dəyərinin 1,2 milyard dollar olduğu barədə məlumat yayıb.