AZ

İşğaldan azad edilmiş ərazilər dayanıqlı, ekoloji regionlara çevrilir - Vahid Hacıyev

2026-cı ilin sonunadək Azərbaycanda azad edilmiş ərazilərə "Böyük Qayıdış" dövlət proqramının birinci mərhələsinin başa çatması gözlənilir.

Missiya.Az "Report"-a istnadən xəbər verir ki, bunu Prezidentin Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında xüsusi nümayəndəsi Vahid Hacıyev Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Dirçəliş və urbisid: davamlı şəhər inkişafı və dayanıqlı icmalar" mövzusuna həsr olunmuş tədbirdə çıxış edərkən bildirib.

"2020-ci ildə işğal olunmuş torpaqların azad edilməsindən sonra Prezident İlham Əliyevin fərmanına əsasən, 2022–2026-cı illəri əhatə edən genişmiqyaslı "Böyük Qayıdış" proqramı hazırlanıb. Cari ilin sonunadək biz bu proqramın birinci mərhələsinin uğurla başa çatmasını gözləyirik və bunun sayəsində artıq 80 mindən çox insan doğma torpaqlarına qayıdacaq və daimi yaşayacaq", - xüsusi nümayəndə bildirib.

Onun sözlərinə görə, son dörd il ərzində regionda dağıdılmış ərazilərin bərpası və onların genişmiqyaslı transformasiyası üzrə nəhəng həcmdə işlər görülüb. "Söhbət münaqişədən zərər çəkmiş rayonların kompleks şəkildə dirçəldilməsindən və onların yeni imkanlara malik dayanıqlı, ekoloji və qarşılıqlı əlaqəli regionlara çevrilməsindən gedir", - o vurğulayıb.

Vahid Hacıyev xüsusilə qeyd edib ki, Cəbrayıl, Qubadlı və Zəngilandakı ümumi dağıntılar, Şərqi Zəngəzurun bir vaxtlar çiçəklənən şəhər, qəsəbə və kəndlərinin yer üzündən silindiyi çoxillik işğalın fəsadlarının əsl miqyasını əyani şəkildə əks etdirir. "Canlı və inkişaf etmiş yaşayış məntəqələrindən yalnız xarabalıqlar qalıb", - o bildirib.

Prezidentin xüsusi nümayəndəsi vurğulayıb ki, infrastrukturun məhv edilməsi təkcə mənzil fonduna deyil, həm də regionun ekoloji və mədəni mühitinə təsir göstərərək sistemli xarakter daşıyıb. "Bu, hər yerdə ekosid və kulturosidlə müşayiət olunan urbisidin faciəvi nümunəsidir", - Vahid Hacıyev deyib.

Seçilən
28
missiya.az

1Mənbələr