Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində ayrı-ayrı ölkələrin təmsilçiləri tərəfindən təqdimatlar da qonaqların və ekspertlərin diqqətinə çatdırılır. Sessiyanın dördüncü günü “Gələcəyin qurulması: Qarabağ və Şərqi Zəngəzurda müasir yaşayış məhəllələrinin yaradılması” adlı tədbir keçirilib. Musavat.com bildirir ki, yerli və xarici qonaqların iştirakı ilə keçirilən tədbirdə çıxış edən “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin sədri Ayaz Mirzəyev ssenari müəllifi olduğu “Yaradan” filmi haqqında məlumat verib. Daha sonra filmin təqdimatına başlanılıb. İşğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması, Böyük Qayıdışın uğurlu şəkildə həyata keçirilməsindən bəhs edən filmdə qəhrəmanların dili ilə Azərbaycanın yaxın keçmişindən, işğal illərindən və Zəfərdən sonrakı tikinti işlərindən, bu torpaqların əsl sahiblərinin öz evlərinə dönüşündən bəhs olunur. Film xarici qonaqların da böyük marağına səbəb olub. Filmdən təsirlənən iştirakçılar yaradıcı heyətə müxtəlif suallarla müraciət ediblər.

A.Mirzəyev bildirib ki, “Yaradan” sırf dağıntıdan şəhər yaradan Azərbaycan xalqı haqqında filmdir. Yaradıcı insanlardan, sadə briqadirlərdən, fəhlələrdən tutmuş rəssamlar, heykəltaraşlar və işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işini görən hər kəs bu filmdə yer alıb. Ssenari müəllifi filmin məqsədindən bəhs edərək deyib: “Biz filmdə həmçinin yaşıl zonalar, dayanıqlı yaşayış məntəqələri və ekoloji yanaşmalar haqqında da məlumat vermişik. Amma bunu klassik təqdimat kimi deyil, insanların dili ilə, onların hekayələri vasitəsilə göstərmişik. Biz azərbaycanlılar yaradıcı insanlarıq, başqalarından fərqli olaraq heç vaxt dağıdıcı olmamışıq. Biz yerlə-yeksan olunmuş, daş daş üstünə qalmamış, işğaldan azad olunmuş ərazilərdə çox qısa vaxt ərzində kiçik cənnət yaratdıq. Çox qısa bir vaxt ərzində də böyük qayıdış reallaşdı və bizim Azərbaycan insanı həmin ərazilərə qayıdır”.
A.Mirzəyev qeyd edib ki, bugünkü təqdimatın məqsədi gələn qonaqlara son beş il ərzində görülən işlər barədə məlumat vermək və ora köçən insanların təəssüratını çatdırmaqdır. Çünki işğaldan azad olunmuş ərazilərdə WUF13 prinsiplərinə uyğun addımlar atılıb”. A.Mirzəyev qeyd edib ki, çəkilişləri Azərbaycanın işğaldan azad olunmuş əraziləri - Ağdam, Xocalı, Şuşa, Xankəndi, Cəbrayıl, Füzuli, Laçın, Kəlbəcər və Zəngilanda aparılan filmdə Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) prioritetləri olan insanların dayanıqlı yaşayışının təmin edilməsi, yeni şəhərsalma fəlsəfəsi və “Ağıllı şəhər” konsepsiyasının qurulması kimi əsas mövzular öz əksini tapıb. O qeyd edib ki, Vətən müharibəsinin 5 illiyinə həsr olunan “Yaradan” Azərbaycan xalqı ilə bağlı bir sənədli filmdir: “Əsas məqsədimiz ekran əsərində Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa-quruculuq işləri, eləcə də bu bölgələrə “Böyük Qayıdış” prosesinin nəticəsini real təsvir etmək idi. Sözsüz, biz sənədli film stilinə uyğun mütləq insan talelərini və yaradıcı insanların düşüncələrini də filmə daxil etməyə bilməzdik. Hesab edirik ki, bu filmə qısa məzmun yazmalı olsaq, məhz belə deyərdik - dağıntıdan şəhər, xatirədən gələcək, kədərdən qürur yaradan xalqın hekayəsi”.
Elşad Paşasoy,
Musavat.com
