AZ

Təbii artım göstəricisi yenə aşağı düşüb: Doğulanların sayı azalır, ölənlər artır

Bizimyol saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Son 15 ildəki arzuolunmaz tendensiya davam edir. Doğulanların sayı, demək olar, hər il azalır. Əvəzində ölənlərin sayında artım var. Bu qeyri-mütənasiblik təbii artım göstəricisinin aşağı düşməsi anlamına gəlir. Hər ilin sonunda vəziyyətin daha da pisləşməsinə əmin oluruq. Bu ilin ilk rübünün göstəricisi belə deməyə əsas verir ki, 2026 bizi daha da məyus edəcək. Doğulanların və ölənlərin sayı sürətlə yaxınlaşır.

Bizimyol.info xəbər verir ki, 2026-cı ilin yanvar-mart aylarında ölkədə 20 min 362 uşaq doğulub. Vəfat edənlərin sayı 15 min 19 nəfər olub. Beləcə, təbii artım 5 min 343 nəfər təşkil edib.

Ölkəyə böyük neft pullarının gəldiyi 2011-ci ildə hər şey çox nikbin görünürdü. Onda il ərzində 176 min 72 körpə dünyaya göz açmışdı. Ölənlərin sayı 53 min 762 olmuşdu. İndiki göstəricilərlə müqayisə edəndə məlum olur ki, doğum sayında azalma iki dəfədən çoxdur. Onsuz da keçən il göstərici aşağı olmuşdu, 95 min nəfərdən bir qədər çox idi. Bu gedişlə say 80 min nəfər civarında olacaq. Rəqəmləri düşünəndə dəhşətə gəlməmək mümkün deyil. Azalma 2,2 dəfədir.

Vəfat edənlərin sayında artım var. Amma əsas problem kimi doğum göstəricilərinin sürətlə aşağı düşməsi görünür. Keçən il təbii artım 3,6 faiz olub. 2026-cı ilin sonunda göstərici 2 faiz civarında olsa, təəccüblənməməliyik.

Rəsmi qurumlar problemin əsl səbəbini dilə gətirmək istəməsə də, əhalinin sosial vəziyyətinin pisləşməsi prosesdə ciddi rol oynayır. İnsanlar gündəlik qayğıların içində itib-batır. Ailə quranların sayında kəskin azalma var. Gənclər nicat yolunu ölkəni tərk etməkdə görürlər. Bu şəraitdə cüzi də olsa, təbii artımın qeydə alınması özlüyündə təəccüblüdür. Çünki ümumi vəziyyət yaxşılığa doğru bir addım da atmır.

Aytən, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
19
bizimyol.info

1Mənbələr