AZ

ADNSU-da “yaşıl şəhər” və “ağıllı şəhər” texnologiyaları üzrə ixtisaslaşmış tədqiqat mərkəzi yaradılacaq

Bakı, 20 may, AZƏRTAC

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti “yaşıl şəhər” və “ağıllı şəhər” istiqamətlərini strateji prioritet kimi müəyyənləşdirib.

Bu barədə AZƏRTAC-a açıqlamasında universitetin İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Xülya Sabirli məlumat verib. O bildirib ki, universitet bu istiqamətdə real şəhər problemlərinin innovativ həllinə yönəlmiş hakaton təşkil edib. Energetika, ətraf mühit mühəndisliyi, rəqəmsal texnologiyalar və şəhərsalma ixtisasları üzrə təhsil alan tələbələrin birgə iştirak etdiyi layihə fənlərarası düşüncə tərzinin praktik nümunəsi kimi qiymətləndirilib. X.Sabirlinin sözlərinə görə, universitetin tədris proqramlarına davamlı enerji sistemləri, ağıllı infrastruktur və ekoloji mühəndislik mövzuları artıq inteqrasiya olunub.

“Növbəti illərdə bu istiqamət daha da gücləndiriləcək. “Yaşıl şəhər” və “ağıllı şəhər” texnologiyaları üzrə ixtisaslaşmış tədqiqat mərkəzinin yaradılması, fənlərarası tədris modullarının genişləndirilməsi və beynəlxalq universitetlərlə birgə elmi layihələrin həyata keçirilməsi planlaşdırılır”, – deyə şöbə müdiri vurğulayıb. O qeyd edib ki, ADNSU bu sahədə yalnız kadr hazırlayan ali təhsil müəssisəsi kimi deyil, həm də Azərbaycanın davamlı inkişaf gündəliyinə elmi töhfə verən tədqiqat universiteti kimi mövqeyini möhkəmləndirməyi hədəfləyir.

 

Seçilən
11
1
azertag.az

2Mənbələr