“Çin bu gün dünyanın əsas ağırlıq mərkəzlərindən biridir, həm hərbi-siyasi, həm də iqtisadi kontekstdə. Ona görə də beynəlxalq münasibətlər sistemində hər hansı məsələ ilə bağlı Çinin mövqeyi çox şeyi dəyişə bilir. Diqqət etsək görərik ki, həm Rusiya öz tarixində görünməmiş, tamamilə fərqli bir müharibəyə cəlb olunub, həm də Amerika Birləşmiş Ştatları tarixində bənzəri olmayan olduqca maraqlı bir qarşıdurmanın içərisindədir".
Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu səsləndirdi.
Onun sözlərinə görə, Çin bu fürsətdən istifadə edərək, birinə dost, digərinə rəqib kimi görünsə də, əslində, öz strateji mövqeyini möhkəmləndirməkdədir:
"Baş verən hadisələrin mahiyyəti də məhz bundan ibarətdir. Ancaq uzunmüddətli perspektivdən baxsaq görərik ki, Çinin nə Rusiya ilə, nə də Amerika Birləşmiş Ştatları ilə dərin müttəfiqlik əlaqələri formalaşa bilməz. Nəticə etibarilə dünya siyasətində rəqabəti müəyyən edən əsas üç güc mərkəzi məhz bunlardır və onların arasında rəqabət daim davam edəcək. Sadəcə olaraq, bu rəqabətin səviyyəsi və forması zaman-zaman dəyişir".
Siyasətçi qeyd etdi ki, Çin-Amerika münasibətlərində davam edən rəqabət prosesində Çin öz məqsədlərinə daha yaxın mövqeyə gəlib çatıb.
"Çindən qayıtdıqdan sonra Amerika Birləşmiş Ştatlarının Tayvanla bağlı verdiyi açıqlamalar da bunu müəyyən mənada sübut edir. Amma eyni zamanda onu da əlavə etmək lazımdır ki, heç bir sənəd imzalamadan, sadəcə şifahi razılaşmalarla geri qayıdan bir ABŞ prezidenti var. Digər tərəfdən isə Çinə səfərindən sonra strateji əməkdaşlığın daha da dərinləşdirilməsi, hətta qarşılıqlı hərbi yardım məsələləri ilə bağlı anlaşmalar əldə edərək Rusiyaya qayıdan bir ölkə mövcuddur. Bu nəticələri müqayisə etdikdə görürük ki, hazırkı mərhələdə Rusiya-Çin münasibətləri daha isti xarakter daşıyır. Üstəlik, Yaxın Şərqdə baş verən müharibə ilə bağlı Çin və Rusiya liderlərinin ortaq bəyanatı da oldu və ABŞ-nin bölgədə apardığı siyasət beynəlxalq hüquqa zidd addım kimi qiymətləndirildi. Belə olan halda, əgər biz Çinin “qlobal cənub” ideyasını nəzərə alırıqsa, o zaman burada İrana da ayrıca bir pəncərə açmalıyıq. Beləliklə, hazırda beynəlxalq münasibətlər sistemində Çin-Rusiya-İran üçbucağının konturları görünməkdədir və bu da nə Amerika Birləşmiş Ştatlarına, nə də Qərbə ciddi mənada müsbət vədlər vermir", - deyə H.Babaoğlu vurğuladı.
Xədicə BAXIŞLI