AZ

Dünya Gözdən Əlillər Birliyinin Prezidenti: Səssiz işləyən elektrik avtomobillər piyadalar üçün potensial təhlükə yaradır

Şəhər planlamasında əlçatanlıq, əlverişlilik və təhlükəsizlik əsas prioritet olmalıdır.

APA xəbər verir ki, bunu Dünya Gözdən Əlillər Birliyinin Prezidenti Santoş Kumar Runqta Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş “Əlçatanlığın hüdudlarından kənar: hamı üçün layiqli mənzil hüququnun təmin edilməsi" mövzusunda əlilliyi olan insanların hüquqları üzrə dəyirmi masada çıxışında deyib.

Natiq xüsusilə elektrik avtomobillərin geniş yayılması ilə bağlı yeni təhlükəsizlik risklərinə diqqət çəkib. Onun sözlərinə görə, səssiz işləyən elektrik avtomobillər piyadalar üçün potensial təhlükə yaradır:

“Elektrik avtomobilləri geniş şəkildə yayılır və səssiz işləmələri piyadalar üçün təhlükə yarada bilər. Bu məsələ təhlükəsizliklə birbaşa bağlıdır”.

O əlavə edib ki, bu məsələ əlçatanlıq və inklüzivlik anlayışının tərkib hissəsi kimi nəzərə alınmalıdır və aidiyyəti qurumlar tərəfindən tədbirlər görülməlidir.

Çıxışda həmçinin fövqəladə hallar və münaqişə zonalarında yardım təşkilatları arasında daha güclü əməkdaşlığın vacibliyi vurğulanıb:

“Qızıl Xaç və digər yardım təşkilatları ilə daha koordinasiyalı yanaşmaya ehtiyac var, xüsusilə münaqişə və fəlakət vəziyyətlərində”.

Sonda o qeyd edib ki, şəhərsalma siyasətlərində təhlükəsizlik, əlçatanlıq və sosial inklüzivlik bir-birindən ayrılmaz prinsiplər kimi qəbul edilməlidir və bu yanaşma daha dayanıqlı şəhərlərin qurulmasına xidmət edir.

Seçilən
34
2
apa.az

3Mənbələr