AZ

Qarabağ Universitetində yeni fakültələrdə oxuyanlar işsiz qalmayacaq - AÇIQLAMA

Məlumat verdiyimiz kimi, növbəti tədris ilində Qarabağ Universitetində iki yeni fakültə açılacaq. Yeni açılacaq Riyaziyyat və İT elmləri və Təbiət elmləri fakültələrinə bu ildən etibarən tələbə qəbulu aparılacaq.

Redaktor.az-a danışan Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, təhsil eksperti İlqar Orucov bildirdi ki, Qarabağ Universitetində riyaziyyat və İT elmləri, eyni zamanda təbiət elmləri fakültələrinin açılması həm bölgənin bərpası, həm də ölkə miqyasında bütövlükdə elm və təhsil mühitində rəqabətin artırılması baxımından çox mühüm bir addımdır, bu, ağıllı region konsepsiyasının kadr təminatı üçün böyük önəm daşıyır:

"Qarabağda tətbiq edilən ağıllı şəhər və ağıllı kənd layihələri birbaşa yüksək texnologiyalara söykənir. İnformasiya təhlükəsizliyi, data analitikası və kompüter mühəndisliyi ixtisasları bölgədə qurulan rəqəmsal infrastrukturun idarə olunması və təhlükəsizliyin qorunması üçün yerli mütəxəssis bazasını formalaşdıracaq. Eyni zamanda data analitikası toplanan böyük verilənlərin emal edilərək regionun iqtisadi və infrastruktur planlamasında düzgün qərarların verilməsinə kömək edəcək. Bu gün dünyada rəqəmsallaşmanın, süni intellektin bütün sahələrdə, eyni zamanda iqtisadiyyatda, sənayedə, sosial sahədə, elm və təhsil sferasında bütövlükdə elə bir sahə olmayacaq ki, o, rəqəmsallaşmanın və süni intellektin imkanlarından kənarda qalsın".

Onun sözlərinə görə, riyaziyyat, kimya, biologiya kimi fundamental elmlərin Qarabağ Universitetində tədrisi və tədqiqi sırf nəzəriyyədən ibarət olmayacaq.

"Bilirik ki, işğaldan azad olunmuş ərazilər yenidən qurulur, inkişaf etdirilir və orada müasir şəhərsalma, məskunlaşma ilə bağlı ən müasir yanaşmalar tətbiq olunur. Həmçinin burada çox güclü fundamental elmi tədqiqatlar aparmaq üçün müasir universitetlərə, müasir elmi-tədqiqat mərkəzlərinə ehtiyac var. Bu ixtisaslar kifayət qədər müasir ixtisaslardır, fakültələr kifayət qədər müasir fakültələrdir və özlərində həm də ən müasir multidissiplinar ixtisasları cəmləşdirəcəklər.

Yeni fakültələr tələbələrə yalnız diplom deyil, həm də Qarabağda fəaliyyət göstərən sənaye müəssisələri və texnoparklarla birgə tədqiqat-inkişaf layihələri qurmaq imkanı verəcəklər. Mən əminəm ki, bu fakültələrin tələbələri dual təhsil modelindən istifadə edərək təkcə nəzəri biliklər deyil, həm də praktiki bacarıqlar əldə edəcəklər. Bu da, təbii ki, elmi yeniliklərin, innovativ ideyaların, yeni startapların formalaşmasını və birbaşa istehsalata, biznesə inteqrasiyasını sürətləndirəcək.

Həmçinin müasir laboratoriyaların qurulması, beynəlxalq standartlara uyğun tədris proqramlarının tətbiqi Qarabağ Universitetini regional miqyasda cəlbedici bir elmi mərkəzə çevirəcək. Beləliklə, həm də regional elmi mərkəz formalaşmış olacaq. Bu da xarici və yerli alimlərin bölgəyə cəlb olunmasına, birgə elmi tədbirlərin, qrant layihələrinin reallaşmasına zəmin yaradacaq. Bu addım elmi sahələrin inkişafını sürətləndirməklə yanaşı, Qarabağın intellektual potensialının bərpasına yönəlmiş ən böyük investisiyadır", - deyə həmsöhbətimiz vurğuladı.

Aytəkin TOFİQQIZI

Seçilən
14
1
redaktor.az

2Mənbələr