AZ

Fransa ordusuna əlavə 36 milyard avro ayrılmasını nəzərdə tutan qanun layihəsi qəbul olunub

Paris, 20 may, AZƏRTAC

Fransa Milli Assambleyası 2030-cu ilədək ölkə ordusuna əlavə 36 milyard avro ayrılmasını nəzərdə tutan hərbi proqramlaşdırma qanununa dəyişiklik layihəsini ilk oxunuşda qəbul edib.

AZƏRTAC xəbər verir ki, qanun layihəsi 440 deputatın lehinə, 122 deputatın isə əleyhinə səs verməsi ilə təsdiqlənib.

Hakimiyyət düşərgəsi ilə yanaşı, “Milli Birlik” (RN) və Sosialist Partiyası da layihəni dəstəkləyib. Solçu qüvvələrin qalan hissəsi isə yalnız maliyyə tərəfini deyil, həm də bəzi müddəaları azadlıqları məhdudlaşdıran tədbirlər kimi qiymətləndirərək sənədə qarşı çıxıb. Layihənin növbəti mərhələdə iyunun 2-də Senatda müzakirəyə çıxarılması gözlənilir.

Fransanın silahlı qüvvələr naziri Ketrin Votren bildirib ki, bu qanun beynəlxalq təhdidlərin sürətlə artmasına cavab verməyə imkan yaradır.

Yeni layihə ordunun ümumi strukturunda dəyişiklik nəzərdə tutmur. Beləliklə, Fransa ordusunda 210 min aktiv hərbçi, 225 döyüş təyyarəsi və 15 birinci dərəcəli freqat saxlanılacaq. Bununla yanaşı, hökumət bəzi strateji investisiyaları prioritet hesab edir. Xüsusilə sursat ehtiyatlarının artırılması planlaşdırılır. Layihədə daha çox raket və artilleriya mərmisi alınması, həmçinin pilotsuz uçuş aparatlarının – dronların inkişafına əlavə vəsait ayrılması nəzərdə tutulur.

Fransa hakimiyyəti hesab edir ki, artan qeyri-sabitlik fonunda ordunun texnoloji və əməliyyat imkanlarının gücləndirilməsi zəruridir.

Seçilən
19
1
azertag.az

2Mənbələr