“Cənubi Qafqaz tarixi dönüş nöqtəsindədir. Bu gün Ermənistan iki yol ayrıcındadır: ya regionda sülhün, təhlükəsizliyin və qarşılıqlı əməkdaşlığın təmin olunmasına xidmət edən Bakının sülh gündəliyinə qoşulmaq, ya da xarici güclərin geosiyasi oyunlarının alətinə çevrilərək öz dövlətçiliyini və gələcəyini risk altına atmaq”.
Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev deyib.
Komitə sədri deyib: “Birinci yol inkişaf yoludur. Bu yol kommunikasiyaların açılması, iqtisadi blokadaların aradan qalxması, qarşılıqlı etimad mühitinin formalaşması və region xalqlarının rifahına xidmət edir. Azərbaycan Prezidentinin irəli sürdüyü sülh strategiyası məhz bu məqsədə hesablanıb. Bakı postmüharibə dövründə dəfələrlə nümayiş etdirdi ki, onun əsas prioriteti bölgədə davamlı sülhün və sabitliyin təmin edilməsidir. Azərbaycan qalib dövlət kimi revanşizm deyil, əməkdaşlıq modeli təklif edir.
Əslində Ermənistan üçün tarixi fürsət də məhz bundadır. Çünki illərlə davam edən işğal siyasəti Ermənistanı nə iqtisadi inkişaf etdirə bildi, nə də təhlükəsizliyini təmin etdi. Əksinə, onu regional layihələrdən təcrid etdi, iqtisadi blokadaya saldı və xarici mərkəzlərdən asılı vəziyyətə gətirdi. İndi isə Bakı regionu qarşıdurma meydanından əməkdaşlıq platformasına çevirmək istəyir. Zəngəzur dəhlizi, nəqliyyat-kommunikasiya xətlərinin açılması, iqtisadi inteqrasiya və qarşılıqlı asılılığın yaradılması məhz regionda uzunmüddətli sülhə hesablanmış addımlardır.
Lakin çox təəssüf ki, hələ də bölgədə sülhün əldə olunmasını istəməyən qüvvələr mövcuddur. Xaricdəki erməni lobbiləri, revanşist dairələr və müəyyən geosiyasi mərkəzlər Ermənistanı yenidən təhlükəli avantüralara sürükləməyə çalışırlar. Bu qüvvələr anlayırlar ki, Azərbaycan tərəfindən yaradılan yeni geosiyasi reallıqlar artıq bölgədə onların təsir imkanlarını ciddi şəkildə zəiflədib. Ona görə də onlar davamlı şəkildə gərginlik yaratmağa, təxribatlara əl atmağa və sülh prosesini sabotaj etməyə çalışırlar”.
Deputat əlavə edib ki, Ermənistanda seçkilər yaxınlaşdıqca revanşist qüvvələrin fəallaşması da təsadüfi deyil: “Onlar cəmiyyəti yenidən nifrət və revanş hissi üzərində səfərbər etməyə çalışırlar. Ruben Vardanyan kimi separatçı və terrorla assosiasiya olunan şəxslərin “humanizm”, “insan hüquqları” və “demokratiya” adı altında təqdim olunması isə bu çirkin siyasətin açıq təzahürüdür.
Bu gün dünyada Vatslav Havel adı azadlıq, insan ləyaqəti və demokratiya simvolu kimi qəbul olunur. Belə bir ada sahib mükafata Ruben Vardanyanın namizəd göstərilməsi Azərbaycana qarşı deyil, əksinə bütövlükdə beynəlxalq hüquqa və qlobal ədalət prinsiplərinə qarşı hörmətsizlikdir. Çünki Vardanyanın adı illərlə separatizm, qanunsuz silahlı fəaliyyətlər, terror təhlükəsi və Azərbaycanın suveren ərazilərində qeyri-qanuni rejimin maliyyələşdirilməsi ilə bağlı hallanıb.
Müharibə və terror nəticəsində minlərlə insan həyatını itirib, yüz minlərlə azərbaycanlı doğma yurdlarından didərgin salınıb, fundamental insan hüquqları kobud şəkildə pozulub. Belə bir şəxsə “insan hüquqları müdafiəçisi” obrazı yaratmaq cəhdi terror qurbanlarının acısına hörmətsizlikdir. Bu, həm də beynəlxalq hüququn mahiyyətinin siyasi manipulyasiya predmetinə çevrilməsi deməkdir.
Azərbaycan isə tamamilə fərqli mövqe ortaya qoyur. Rəsmi Bakı hüququn aliliyinə söykənən yanaşma nümayiş etdirərək separatçılar üzərində məhkəmə prosesini tam qanuni şəkildə həyata keçirib. Bütün prosessual hüquqlar təmin olunub, beynəlxalq hüquq normalarına riayət edilib. Terrorçuluq, separatizm və insanlıq əleyhinə cinayətlərdə ittiham olunan şəxslərin “siyasi məhbus” kimi təqdim edilməsi isə açıq ikili standartdır.
Əgər hansısa dairələr bu cür təşəbbüsləri dəstəkləyərək Ruben Vardanyanı rəsmi şəkildə “insan hüquqları” mükafatına namizəd elan edərlərsə, bu, onsuz da ciddi nüfuz böhranı yaşayan beynəlxalq qurumların imicinə növbəti ağır zərbə olacaq. Bu həm də Azərbaycanın illərdir bəyan etdiyi həqiqəti bir daha təsdiqləyəcək: bəzi beynəlxalq institutlar hüquq və ədalət prinsiplərindən daha çox geosiyasi maraqlara xidmət edirlər.
Regionun gələcəyi nifrət siyasətində deyil, əməkdaşlıqdadır. Bakı bu gün Ermənistanın qarşısına düşmənçilik deyil, sülh və inteqrasiya modeli qoyur. Azərbaycanın təklif etdiyi yol Cənubi Qafqazı qlobal nəqliyyat və iqtisadi mərkəzə çevirə bilər. Ermənistan bu tarixi fürsəti dəyərləndirsə, blokadalardan çıxar, iqtisadi nəfəs qazanır, regional layihələrin iştirakçısına çevrilər və dövlətçiliyini gücləndirər.
Əks halda revanşizmə, xarici güclərin manipulyasiyalarına və separatçı ideologiyalara söykənən siyasət Ermənistanı daha böyük fəlakətlərə sürükləyəcək. Tarix isə artıq dəyişib. Cənubi Qafqazda yeni geosiyasi reallıqları yaradan Azərbaycandır və bölgənin gələcəyini müəyyən edən əsas gündəm də məhz Bakının sülh gündəliyidir”.
Mürtəza