Dünyanın müxtəlif ölkələrində aparılan genişmiqyaslı beynəlxalq araşdırma göstərib ki, zəngin dövlətlərin bir çoxunda piylənmə səviyyəsi sabitləşməyə başlayıb, inkişaf etməkdə olan ölkələrdə isə problem sürətlə böyüyür.
Publika.az xəbər verir ki, araşdırma “Nature” jurnalında dərc olunub.
"Non-Communicable Disease Risk Factor Collaboration" (NCD-RisC) konsorsiumunun hazırladığı tədqiqat 45 il ərzində 5 yaşdan yuxarı 232 milyon insanın məlumatlarının təhlilinə əsaslanıb.
Alimlər müəyyən ediblər ki, Qərbi Avropa, Şimali Amerika, Avstraliya və bəzi Asiya ölkələrində piylənmənin yayılma tempi zəifləyib, bəzi yerlərdə isə hətta azalma müşahidə olunub. Bu tendensiya xüsusilə uşaqlar və yeniyetmələr arasında diqqət çəkir.
Bunun əksinə olaraq, aşağı və orta gəlirli ölkələrdə, xüsusən Asiya, Afrika, Latın Amerikası, Karib hövzəsi və Sakit okean adalarında piylənmə sürətlə artır. Ən ciddi artımın yenə də uşaqlar və yeniyetmələr arasında qeydə alındığı bildirilib.