Medianın İnkişafı Agentliyi (MEDİA) Azərbaycan mediasının BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasındakı (WUF13) fəaliyyətini yüksək qiymətləndirir.
Bu fikirləri MEDİA-nın İcraçı direktorunun müavini Natiq Məmmədli WUF13 çərçivəsində jurnalistlərə açıqlamasında səsləndirib.

Onun sözlərinə görə, forum çərçivəsində ən fəal müzakirələrin aparıldığı əsas məkanlardan biri medianın cəmləşdiyi nyusrumlardır.
Natiq Məmmədli bildirib ki, Azərbaycan mediası COP29 zamanı nümayiş etdirdiyi peşəkar fəaliyyəti WUF13-də də uğurla davam etdirir.
“Biz çox sevinirik ki, Azərbaycan mediası COP29-da yazdığı uğur hekayəsini WUF13-də bir daha təkrarlayır. Həm Azərbaycanın daxili, həm də beynəlxalq auditoriyası üçün forumla bağlı vacib mesajların çatdırılmasında mediamız mötəbər mənbə funksiyasını layiqincə yerinə yetirir”, – deyə o vurğulayıb.
MEDİA rəsmisi qeyd edib ki, Azərbaycan mediası beynəlxalq tədbirlərin işıqlandırılması sahəsində artıq zəngin və unikal təcrübə formalaşdırıb.
“Düşünürük ki, bu təcrübə gələcək fəaliyyətimizdə peşəkarlığın daha da artırılmasına mühüm töhfə verəcək. Bu gün nyusrumda müşahidə etdiyimiz intensiv fəaliyyət Azərbaycan jurnalistlərinin peşəkarlığını bir daha təsdiqləyir. Onlara göstərdikləri yüksək səviyyəli fəaliyyətə görə təşəkkürümüzü bildiririk”, – deyə Natiq Məmmədli əlavə edib.
Orxan Vahidoğlu, “İki sahil”