AZ

Paşinyanın “Başkənd” bəyanatı: seçki öncəsi siyasi gərginlik artır

Bizimyol portalından alınan məlumata görə, ain.az xəbər verir.

Paşinyanın “Başkənddən imtina edə bilmərik” bəyanatı Ermənistan daxilində siyasi balansı qorumaq və seçki öncəsi elektorata sərt mövqe nümayiş etdirmək kimi qiymətləndirilir. Bu açıqlama həm də danışıqlar prosesində İrəvanın öz mövqeyini gücləndirmək cəhdi kimi dəyərləndirilir, çünki anklavlar məsələsi hələ də yekun həllini tapmayıb.

Ekspertlər hesab edir ki, Başkənd kimi mübahisəli ərazilər hüquqi və siyasi baxımdan ən mürəkkəb məsələlərdən biri olaraq qalır. Bu fonda tərəflərin arqument savaşı daha da kəskinləşir və danışıqlar masasında yeni şərtlərin ortaya çıxması ehtimalı artır.

Milli Məclisin deputatı Elşad Musayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Paşinyanın bəyanatları Ermənistanda daxili siyasi balansı qorumaq və seçki öncəsi mövqeyini gücləndirmək məqsədi daşıya bilər. O qeyd edib ki, Paşinyan seçki prosesinə hazırlaşdığı üçün müxtəlif siyasi bəyanatlar verə bilər. Bu isə həm daxili auditoriyaya, həm də regiondakı proseslərə hesablanmış addım kimi qiymətləndirilir. Xüsusilə delimitasiya və demarkasiya dövründə belə açıqlamaların gündəmə gəlməsi daha çox siyasi ritorika kimi dəyərləndirilə bilər: “Başkənd məsələsi mübahisəli ərazi deyil, bizim ərazimizdir. Ermənistan yarananda da bizim ərazimizdə yaranıb, Azərbaycan torpağından qoparılaraq verilib.”

Deputat vurğulayıb ki, bəzi “politoloqlar” Paşinyanın bu mövqeyini gücləndirir: “Bu məsələ yalnız Paşinyanın qaldırdığı məsələ deyil. Azərbaycanda da qorxaq, yaltaq və sürüşkən kəsim var ki, belə mövqe sərgiləyiblər. Paşinyan isə daim bildirib ki, o, real Ermənistanı qorumaq fikrindədir.”

Burada əsas məqam ondan ibarətdir ki, mübahisəli ərazilərlə bağlı proseslər təkcə bir tərəfin gündəmi deyil, ümumi regional dinamikanın tərkib hissəsidir. Azərbaycanın mövqeyi isə dəyişməz olaraq qalır: ölkə öz ərazi bütövlüyündən imtina etmir və beynəlxalq hüquqa uyğun şəkildə sərhədlərin dəqiqləşdirilməsi istiqamətində addımlarını davam etdirir.

Deputatın fikrincə, eyni zamanda müxtəlif siyasi dairələr və ekspert adlandırılan şəxslər bu mövzuları fərqli şəkildə şərh edərək ictimai rəyi yönləndirməyə çalışırlar. Lakin bu kimi yanaşmalar əsas reallığı dəyişmir: “Paşinyanın açıqlamaları daha çox seçki öncəsi siyasi mesaj kimi qiymətləndirilməli, məsələyə isə uzunmüddətli sülh və delimitasiya prosesi çərçivəsində yanaşılmalıdır”.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
44
bizimyol.info

1Mənbələr