AZ

​MƏNZİL BAZARINDA GÖZLƏNİLƏN DƏYİŞİKLİK Qiymətlər ucuzlaşacaq, yoxsa...?

ain.az, Azpolitika.az saytına istinadən bildirir.

Tikinti materiallarının qiymətində baş verən dəyişikliklər daşınmaz əmlak bazarına təsir edən əsas amillərdən biri kimi qiymətləndirilir. Bu sahədə mümkün ucuzlaşma ilə bağlı müzakirələr son dövrlərdə daha da aktuallaşıb. Lakin mənzil qiymətlərinin formalaşması yalnız tikinti xərcləri ilə deyil, həm də ümumi iqtisadi və bazar faktorları ilə birbaşa bağlıdır. Bu baxımdan, Bakıda mənzil bazarında yaxın perspektivdə qiymət dəyişikliklərinin hansı istiqamətdə olacağı diqqət mərkəzindədir.

Gələcək dövrdə tikinti materiallarındakı dəyişikliklər mənzil qiymətlərində real ucuzlaşmaya səbəb ola biləcəkmi?

Mövzu ilə bağlı iqtisadçı-ekspert Xalid Kərimli “AzPolitika”ya açıqlamasında deyib ki, əmlak bazarında mövcud qiymət səviyyəsi əsasən bazar reallıqları ilə bağlıdır.

Onun sözlərinə görə, son illərdə alıcı fəallığının artması qiymətlərə birbaşa təsir edib: “Müqayisə göstərir ki, son 5 ildə əhalinin gəlirləri orta hesabla 45 faiz artdığı halda, əmlak bazarında qiymətlər təxminən 47 faiz yüksəlib. Bu isə bazarda həm iqtisadi aktivliyin, həm də tələbatın artdığını göstərir. Tikinti şirkətləri yalnız sata biləcəkləri layihələrə yatırım edir və bazarda formalaşmış alıcı kütləsinə uyğun fəaliyyət göstərirlər. Qiymət artımına təsir edən əsas amillərdən biri də Bakı şəhərinin mərkəzi hissələrində tikintiyə yararlı torpaq sahələrinin demək olar ki, tükənməsidir. Artıq şəhərin mərkəzi hissələrində faktiki olaraq boş torpaq sahələri qalmayıb və yeni ərazilərin tikinti üçün boşaldılması yüksək xərc tələb edir. Xüsusilə mərkəzi ərazilərdə tikintiyə yararlı torpaq sahələrinin çatışmazlığı həmin torpaqların qiymətinin kəskin bahalaşmasına səbəb olur”.

Ekspert vurğulayıb ki, tikinti norma və standartlarına nəzarətin sərtləşdirilməsi də qiymət artımında mühüm rol oynayır: “Əvvəllər müəyyən qaydalar mövcud olsa da, onlara ciddi nəzarət edilmirdi. Son illərdə isə tikinti normalarına daha ciddi əməl olunması tikinti xərclərini artırıb. Bununla yanaşı, həm tikinti materiallarının qiymətində, həm də daşınma xərclərində ciddi artım müşahidə olunur. Xüsusilə yük maşınlarının daşımalarına tətbiq edilən nəzarətin sərtləşdirilməsi logistika xərclərini yüksəldib.

Eyni zamanda son illərdə müşahidə olunan inflyasiya, kommunal və enerji xərclərinin artması da əmlak bazarına təsirsiz ötüşməyib. Sahibkarların ümumi xərcləri artdığı üçün bu, mənzil qiymətlərində də özünü göstərir. Yaxın dövrdə qiymət artım tempinin müəyyən qədər zəifləməsi mümkün olsa da, bazarda ciddi ucuzlaşma gözlənilmir”.

X.Kərimli sonda bildirib ki, qiymətlərin aşağı düşməsi üçün ya ölkədə iqtisadi böhran baş verməli, ya da bazara kütləvi şəkildə yeni mənzillər çıxarılmalıdır: “Ölkədə iqtisadi böhranın olması arzuolunan deyil. Hazırkı şəraitdə isə Bakı ətrafında şəhərsalmanın genişlənməməsi və yeni tikinti imkanlarının məhdud olması qiymətləri yüksək səviyyədə saxlamağa davam edir. İndiki halda tikinti materiallarının ucuzlaşması gözlənilmir və belə bir hal baş versə belə, bunun mənzil qiymətlərinə ciddi təsiri olmayacaq”.

Oğuz Ayvaz

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
33
azpolitika.info

1Mənbələr