"Azərbaycanın beynəlxalq nüfuzu və geosiyasi mövqeyi son illərdə əhəmiyyətli dərəcədə güclənib. Bunu ölkəmizdə keçirilən beynəlxalq forumlar və tədbirlər də açıq şəkildə nümayiş etdirir. Xüsusilə Bakıda keçirilən beynəlxalq şəhərsalma forumu çərçivəsində Azərbaycana gələn çoxsaylı rəsmi şəxslərin səsləndirdiyi fikirlər göstərir ki, Azərbaycan artıq yalnız regional deyil, beynəlxalq səviyyədə də söz sahibi olan dövlət kimi qəbul olunur".
Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Kənan Novruzov deyib.

Onun sözlərinə görə, bu tədbirlər zamanı qonaqlar təkcə Azərbaycanın yüksək təşkilatçılıq qabiliyyətini deyil, həm də ölkənin beynəlxalq münasibətlər sistemində oynadığı mühüm rolu xüsusi vurğulayırlar: "Bu isə onu göstərir ki, rəsmi Bakı artıq sadəcə beynəlxalq oyun qaydalarına əməl edən tərəf deyil, eyni zamanda həmin qaydaların formalaşmasına təsir edən aktorlardan birinə çevrilib.
Azərbaycan uzun illərdir müxtəlif beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edir. Bu da təsadüfi deyil. Belə tədbirlərin bir ölkəyə həvalə olunması üçün həmin dövlətin siyasi sabitliyi, təhlükəsizliyi, beynəlxalq etibarı və təşkilati imkanları yüksək qiymətləndirilməlidir. Bu baxımdan Azərbaycan artıq dünyada etibarlı tərəfdaş, güclü dövlət və mühüm geosiyasi mərkəz kimi tanınır.
Eyni zamanda, ölkəmizin beynəlxalq tədbirlərə ev sahibliyi etməsi artıq adi hala çevrilib. Bu isə Azərbaycanın həm siyasi, həm iqtisadi, həm də diplomatik sahədə qazandığı uğurların göstəricisi kimi qiymətləndirilə bilər.
Bu gün Azərbaycan bir çox istiqamətlərdə inkişafını davam etdirir və beynəlxalq platformalarda öz mövqeyini daha da möhkəmləndirir".